Xəbər lenti

"Qarabağ" göstərdi ki, futbolumuzun yükünü belində daşıyan tək komandadır" - Əfran İsmayılov
İdman08:48 22.08.2023

"Qarabağ" göstərdi ki, futbolumuzun yükünü belində daşıyan tək komandadır" - Əfran İsmayılov

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Gördüyünüz kimi, "Qarabağ" yenə tək qaldı. Yenə göstərdi ki, Azərbaycanda xalqı sevindirən, futbolumuzun yükünü belində daşıyan tək komandadır". 
Bu sözləri Qaynarinfo-ya Ağdam klubunun sabiq futbolçusu Əfran İsmayılov "Qarabağ"ın avrokuboklarda çıxışını dəyərləndirərkən deyib. 
34 yaşlı yarımmüdafiəçi UEFA Konfrans Liqasının qrupuna vəsiqəni təmin edən "köhlən atları" təbrik edib: 
"Nə qədər deyilsə də, nə qədər incidilsə də, nə qədər küsdürülsə də, "Qarabağ" yenə tək mübarizə aparır. Az qalıb qrupa düşməyə. İnşallah, düşəcəklər də. İrəli addımlar atıb bu il daha bir tarix yazacaqlar". 
İsmayılov Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"a rəqib olan Sloveniya "Olimpiya"sı ilə bağlı da fikirlərini bildirib: 
"Maraqlı oyun olacaq. "Olimpiya" bura kimi gəlibsə, demək ki, elə-belə komanda deyil. Amma "Qarabağ" belə çətinliklərə alışıb. İnanıram ki, rəqibi analiz edib matçı qələbə ilə başa vuracaqlar. Dualarımız "Qarabağ"ladır. Yenə deyirəm, bütün yükü "Qarabağ" belində daşıyır. Digər komandalar dayandı, amma "Qarabağ" tək mübarizə aparır".
Qeyd edək ki, Azərbaycan millisinin üzvü 2006-2013 və 2015-2018-ci illərdə "Qarabağ"ın şərəfini qoruyub. 
Xatırladaq ki,  avqustun 24-də baş tutacaq "Olimpiya" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Cavab matçı isə bir həftə sonra Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Qarşılaşma 20:00-da start götürəcək.
Röya Kərimli