İdman 14:09 29.03.2024

“Qarabağ”ın baş məşqçisi: “Oyundan sonra hər kəsin gözü qarşısında…” (VİDEO)

AFFA-nın İntizam Komitəsinin ötən həftə baş tutan iclasında "Qarabağ-2”nin baş məşqçisi Cavad Mirzəbəyli beş oyunluq cəzalandırılıb.
 
Buna səbəb kimi isə martın 16-da Əvəzedicilər liqasında 27-ci tur çərçivəsində baş tutan "Turan Tovuz-2” ilə görüşün sonunda hakimin qərarına etiraza görə birbaşa qırmızı vərəqə ilə cəzalandıqdan sonra onu təhqir etməsi göstərilib. Mütəxəssis beşoyunluq cəza ilə yananşı, klubunu da 400 manat ziyana salıb. 

Mirzəbəyli Qaynarinfo-ya açıqlamasında həmin gün yaşananlar haqda danışıb:

"Hakimi təhqir etməmişəm. Sadəcə, penalti epizoduna etirazımı bildirmişəm. Oyundan sonra niyə penalti qərarı çıxarılmadığını soruşmuşam. Çünki uşaqlar əziyyət çəkirlər. Hakim isə iddia edir ki, paltardəyişmə otağına yollananda guya onu söymüşəm. Halbuki, nə üzbəüz vəziyyətdə, nə də yanından keçəndə onunla təmasım olub. Ona qarşı təhqiramiz ifadələr işlətməmişəm. Sadəcə, oyundan sonra hakimin qərarına etiraz etmişəm və bu, protokolda da var. Bu qərarları hardan çıxarıblar, anlamıram. Bir neçə oyun bundan əvvəl həmin hakim futbolçularımızdan birini onu söydüyünü iddia etmişdi və o, dörd matç cəza almışdı. Mən ümumiyyətlə, birmənalı olaraq deyirəm, ağır söyüş söyən insan deyiləm. "Turan Tovuz-2”nin kamerası var, meydançada çəkiliş aparılıb, yanımda da polislər və futbolçular olub. Oyun bitdikdən sonra, hər kəsin, polislərin, azarkeşlərin, təhlükəsizlik xidmətinin, çəkiliş aparan kameraların, oradakı insanların gözü qarşısında hakimə yaxınlaşıb sadəcə demişəm ki, bu qədər uşağın haqqına girirsiniz. Mənə cavab verdi ki, "danışma”. Niyə danışmayım, axı sən bu qədər insanın əziyyətini yerə vurmusan. Topla aranda bir neçə metr məsafə olub, amma penalti qərarı çıxarmırsan. Bundan sonra mənə qırmızı vərəqə göstərdi və çevrilib paltardəyişmə otağına tərəf getdim. Bu hakim harada, nə eşidib, bilmirəm”.

Bəs cəzanın zaldılması ilə bağlı AFFA-ya apelyasiya müraciəti edilibmi?

"Neçənci dəfədir belə halla rastlaşırıq. Müraciətimizin faydası olmur. Hər dəfə hakim haqlı çıxır. Amma həmin hakim onu təhqir etməyimlə bağlı ortaya heç bir fakt qoya bilməz. Ümumiyyətlə, heç kim deyə bilməz ki, Cavad müəllim qırmızı vərəqədən sonra söyüş söyüb. Çünki tərbiyəm buna yol verməz. Əvvəllər dörd-beş dəfə oxşar hallar zamanı cəzanın azaldılmasına cəhd etmişik. Heç bir faydası olmayıb. İkinci haldır ki, bu hakim paltardəyişmə otağına gedən vaxt bizi qırmızı vərəqə ilə cəzalandırır”.

Qeyd edək ki, əvəzedicilər Liqasının 27-ci turu çərçivəsində keçirilən "Turan-Tovuz-2” - "Qarabağ-2” matçının baş hakimi Şamil İmanzadə olub. Qarılaşma 1:1 hesabı ilə yekunlaşıb.

Səbuhi Həsənov