Xəbər lenti

“Qarabağ”ın belə “sevgiyə” ehtiyacı yoxdur
İdman12:34 26.08.2022

“Qarabağ”ın belə “sevgiyə” ehtiyacı yoxdur

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İllərdir azərbaycanlı futbolsevərləri öz oyunu ilə sevindirən, onların ürəkdən, səmimi alqışlarını qazanan Qurban Qurbanovun baş məşqçisi olduğu "Qarabağ” növbəti dəfə tarix yazmağa çox yaxın idi. Çempionlar Liqasının pley-off mərhələsinə qədər irəliləyən komanda sözügedən turnirin himnini də Azərbaycanda səsləndirilməsinə nail olduqdan sonra önündə çox çətin bir iş qalmışdı - "Viktoriya”nı məğlub edib qrup mərhələsinə vəsiqə qazanmaq. Təəssüf ki, bu arzular məlum səbəblərə görə yerinə yetmədi. Buna baxmayaraq Avroliqanın qrup mərhələsində oynayacağımız üçün təsəlli tapırıq. Təbii ki, lap Avroliqa deyil, Konfrans Liqası olsun "Qarabağ”ın beynəlxalq səviyyədə istənilən hər qələbəsi, uğuru bizim üçün sevindiricidir. Məsələ burasındadır ki, belə uğurları istəməyənlər var.
Çempionlar Liqasının qrup mərhələsinin püşkatmasından sonra Çexiya təmsilçisi "Viktoriya” demək olar ən çətin qrupa düşdü. "Bavariya”, "Barselona” və "İnter”ə rəqib olan çexlər bu qrupda xallar qazanmağa çalışacaq. Əlbəttə, belə böyük top-klubların Azərbaycan kimi kiçik, futbol baxımından geniş coğrafiyaya malik olmayan ölkələrə yollanması həm reklam, həm də inkişaf üçün bir təkan olur. Digər tərəfdən, azarkeşlər daim televizorda gördükləri, sevdikləri, pərəstiş etdikləri məşhur ulduzları, ən azı bir dəfə canlı şəkildə stadiondan izləmək şansı qazanır. Bunun nəyi pisdir? 
Püşkatmadan sonra sosial şəbəkələrdə zarafatlar edildi, "Viktoriya” ilə oyunda kobud səhv buraxıb komandanın məğlubiyyətinin əsas səbəbkarlarından birinə çevrilən qapıçı Şahruddin Məhəmmədəliyevə zarafatyana "tərifnamə” deyildi, tamam. Bu anlaşılandır. Amma… Təəssüfləndirici məqam odur ki, həqiqətən "Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsindən, "Viktoriya"nın düşdüyü top-klublarla dolu qrupdan kənarda qalmasına sevinənlər var. Bir neçə gündür apardığım müşahidələr bunu deməyə əsas verir. Belədirsə, o zaman futbolu yığışdırıb qolf, ya da kriket klubu açsınlar. Daha neynirsiz futbolu? Deməli, belə "azarkeşlərin”, futbol emosiyaları, sevgiləri saxtadır. İnanın, "Qarabağ”ın bu cür "sevgiyə” ehtiyacı yoxdur. Belə qrupdan kənarda qalmağımız, həqiqətən çox üzücüdür, heyif, təəssüf…
Hə, azarkeş kimi yanaşanların fikirlərinə də hörmət edirəm. Onlar sevimli komandalarının böyük hesabla məğlub olacağından qorxub bunu istəmirlər. Bu da başa düşüləndir, amma həmin top-klubların da böyük hesabla uduzduqları rəqiblər var. Məğlubiyyətsiz və ya məğlubedilməz komanda yoxdur. Eyni zamanda heç kim "Qarabağ”ın belə bir qrupda hansı nəticələrə imza atacağını əvvəlcədən deyə bilməz. Futbol sürprizlərlə doludur. Bir də ki, məğlubiyyət nə futbolun, nə də dünyanın qurtaracağı deyil.
Bilirsiniz daim nə istəmişəm? Hər il "Qarabağ"ın Avroliqada, Çempionlar Liqasında və ya Konfrans Liqasında ən güclü rəqiblər olan qrupa düşməsini. Nəinki qruplarda, hətta təsnifat mərhələlərində də Ağdam təmsilçisinə daim reytinq baxımından ən güclü komandaların rəqib olmasını arzulamışam. Bundan sonra da arzulyacağam. Çünki bu "ölüm” deyil, inkişafdır. Üstəlik özü də bir uğurdur. Mən bundan qorxmuram, heç Qurban Qurbanovla futbolçular da çəkinmir. Çünki onlar peşəkardırlar və nəyin necə olduğunu yaxşı bilirlər. Amma siz…Nəysə…
Səbuhi Həsənov