Xəbər lenti

“Qarabağ”ın keçmiş oyunçuları komandanın "Lex"lə şansını dəyərləndirir
İdman17:11 14.06.2022

“Qarabağ”ın keçmiş oyunçuları komandanın "Lex"lə şansını dəyərləndirir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ötən gün Çempionlar Liqasında ilk təsnifat mərhələsinin püşkü atıldı. Püşkatmada Azərbaycan çempionu "Qarabağ”ın da rəqibi müəyyənləşdi. Qurban Qurbanovun komandası Polşa çempionu "Lex”lə qarşılaşacaq. Ağdam klubunun şansları haqda isə fikirlər birmənalı deyil. Bəs sabiqlər komandanın şanslarını necə dəyərləndiirlər?
Vaxtilə "Qarabağ”ın formasını geyinmiş futbolçular Qaynarinfo-ya açıqlamalarında şansları dəyərləndirib.
Fərhad Vəliyev: "Qarabağ”a güclü rəqib düşüb. Çempionlar Liqasında asan rəqib olmur. Avropada az hallarda asan rəqiblə qarşılaşa bilərsən. Fikrimcə, qarşıda bizi "Lex”lə maraqlı oyunlar gözləyir. İnşallah mərhələni keçən tərəf "Qarabağ” olar. Şanslar məncə, bərabərdir. Çünki "Lex” köklü, nəticə verən komandadır. Polşa klubu haqda tam məlumatım yoxdur. Oxuduğuma, eşitdiyimə görə, güclüdür. "Qarabağ” üçün asan olmayacaq”.
Emin İmaməliyev: "Lex” Polşa klubudur, azdan-çoxdan tanıyırıq. Polşa futbolu son zamanlar inkişafdadır. "Lex” də ölkə çempionatında son bir neçə ildir ki, yaxşı çıxış edir. "Qarabağ” üçün çətin olacaq. Asan rəqib yoxdur. "Qarabağ”ın böyük təcrübəsi var. Bundan da böyük klublarla qarşılaşıb, qələbələr qazanıb. İlk oyunlar həmişə çətin olur. Buna baxmayaraq, komandamızın mərhələ keçəcəyinə inanıram. Yəqin ki, heyətə yeni futbolçular cəlb olunacaq. Hansı mövqelərə lazımdırsa, futbolçu alacaqlar. Bu gün bütün komandalar ən azından düzgün müdafiə olunmağı bacarırlar. Daha zəif komanda düşə bilərdi. Amma məncə, çətin rəqib düşəndə məsuliyyətli olursan. Nə qədər çətin də olsa, "Qarabağ”ın bizi sevindirəcəyinə həmişə inanmışıq. Oyun sistemi ilə bağlı indidən heç nə demək olmur. Çünki sistem tez-tez dəyişir. Yəqin ki, "Lex”i yaxşı, dərindən analiz edəcəklər. Ola bilər "Qarabağ” əks-hücumda, yaxud "1 nömrə” kimi oynayar. "Lex”in 4-5 ay əvvəl oyununa baxmışam. Hərəkətli, sürətlidirlər. Polşalılar alman futboluna yaxın oyun sərgiləyirlər”.
Elmir Xankişiyev: "Qarabağ”a ən çətin rəqiblərdən biri düşdü. Düzdür, "Qarabağ” da zəif deyil. Qismətdi, məncə, keçəcəyik. Komandanın güclənməsindən çox şey asılıdır. Yəqin ki, yeni transferlər edəcəklər. Büdcə artmalı, daha səviyyəli oyunçular cəlb olunmalıdır. Bu da qarşıya hansı məqsədlər qoyulmasından asılıdır. Maliyyədən asılıdır, rəhbərlik nə zaman əlini cibinə salırsa, futbolçular yaxşı oynayır. Mahir Emrelinin müsahibəsini oxudum, elə də güclü olmadığını deyib. Oyunlarını izləməmişəm, amma Polşa çempionatı zəif sayılmır. "Lex” də Polşa çempionudursa, deməli, güclüdür. Yəqin ki, legionerləri çoxdur. "Qarabağ”la eyni səviyyəli klubdur. Məncə, güclənsə, "Qarabağ” bu rəqibini keçəcək. Komanda güclənməlidir”.
Səbuhi Həsənov