Gələn həftə "Qarabağ” Çempionlar Liqasında pley-off mərhələsinin cavab qarşılaşmasında "Viktoriya”nın qonağı olacaq Ağdam klubu qrup mərhələsinə düşmək yolunda vacib matça çıxacaq.
"Qarabağ”ın sabiq futbolçusu Nazim Mehrəliyev komandanın şanslarını dəyərləndirib. O, Qaynarinfo-ya açıqlamasında bunları söyləyib:
"Son vaxtlar hamı komandanın hansı vəziyyətdə olduğunu görür. Çox yaxşı durumdadırlar. Qələbələr qazanırlar, nəticəsi var. İnanıram ki, cavab matçından da yaxşı nəticə ilə qayıdacaqlar. Mən çox araxyınam, bu mərhələni keçəcəyik. "Viktoriya” Bakıda çox qapalı oynadı, birəbir oynadı. İmkan vermirdilər, "Qarabağ”ın oyununu pozurdular. Təki qol buraxmasınlar. Buna baxmayaraq, iki qol vəziyyəti oldu. Düzdür, istifadə edə bilmədik. Belə çətin oyunlarda bir-iki qol epizodu olur, onu dəyərləndirməlisən. Ümid edirəm, bu dəfə qol vurarlar”.
O, "Qarabağ”ın Patrik Andradeni buraxmamalı olduğunu xüsusi vurğulayıb:
"Çox yaxşı olardı ki, Patriki buraxmayaydılar. O son vaxtlar futbol üçün nə lazımdırsa edirdi. Çox "bişmişdi", öz oyununu "tutmuşdu”. Bu, göz qabağında idi. İstər müdafiə olunmaqda, qol vurmaqda, ötürmə verməkdə, istərsə də hücumlarda iştirak edirdi. Onun yeri görünür. Yeni gələnlərin Patriki əvəz edib-etməyəcəyi bilinmir. Patriki, fikrimcə, daha əvvəldən razı salmaq lazım idi. Necə ki, Kadi ilə müqavilə müddətini uzatdılar. Bizə lazım olduğu üçün Patrikin müqavilə müddətini ilyarım əvvəl uzatmaq lazım idi. O vaxt Şehiçi də buraxmamalı idilər. Onun kimi qapıçı görməmişdim. Maddi cəhətdən razı salıb saxlamalı idilər. Son oyunda Zubirlə Kadini "bağlamışdılar”. Hara gedirdilər, rəqib onlarla birəbir oynayırdı. Bu səbəbdən onların oyununda istədiyimizi görmədik. Komandada 2 deyil, 4-5 lider olmalıdır ki, hamısının köməyi dəysin. Düzdür, digərlərinin də köməyi dəyir. Veşoviç hazırda əla vəziyyətdədir. Amma qol vəziyyətindən istifadə edə bilmədi. Andrade də qalsa, yaxşı olardı. "Qarabağ” hələ ki, bütün ölkələrin çempionlarını cərgəyə düzüb. Çexlərin qapıçıları güclüdür, oyunçuları həvəslidir. Məşqçinin tapşırıqlarını yerinə yetirdilər. Məqsəd ilk növbədə qol buraxmamaq, ikinci də birəbir oynayıb oyunu "sındırmaq” idi. Buna baxmayaraq, "Qarabağ” yaxşı vəziyyətlər yaratdı. Hakimlərin də rəqibə bir balaca simpatiyası hiss olunurdu”.
"Neftçi” haqda da fikirlərini bildirən Mehrəliyev, onların avrokuboklardan kənarda qalmasının səbəbini belə izah edib:
"Onların "Qarabağ” qədər Avropa təcrübəsi yoxdur. Futbolçular bir-birinə uyğunlaşmayıb. Amma 4-5 nəfər yaxşı futbolçuları var. Hər şeyi futbol adamları vasitəsilə yoluna qoymalıdırlar. Komanda belə yaranır. Həm də məşqçiyə inanmalıdırlar. İstərdim ki, öz məşqçilərimizlə çalışsınlar. Məsələn, Tərlan Əhmədov, Şahin Diniyev var. Bunlardan biri işləsəydi, fikrimcə, "Neftçi” heç də geri qalmazdı. Gördünüz də, Tərlan vaxtilə "Neftçi”n haradan-haraya qaldırdı. Onlara vaxt vermək lazımdır. Həm də komandanı məşqçinin səlahiyyətinə buraxmaq, sonra nəticə gözləmək lazımdır. Yoxsa prezident bir tərəfdən, direktor digər tərəfdən müdaxilə edəndə bu, düz olmur. Məşqçi özü işləməlidir. Hərə bir tərəfdən komandaya göstərişlərini verir”.
Mütəxəssis Azərbaycan çempionatı ilə bağlı da fikrilərini bölüşüb:
"Avropa oyunları irəli düşüb deyə, Azərbaycan çempionatı ilə bir o qədər maraqlanmıram. Ancaq sabah (bu gün - red.) keçiriləcək "Sabah” - "Neftçi” matçına stadiondan canlı baxmaq istərdim. Çoxdandır stadiondan oyunlara baxmıram. Ancaq televiziyadan izləyirəm. Stadiona gedirsən, oyuna baxmaq ödənişlidir. Bizim də pul verib bilet almağımız, ağılagəlməz bir haldır. Futbolçu gedib pulla bilet alsın, bu, qəti mümkün deyil. Heç həmin oyuna baxmaram”.
Mehrəliyev hazırda müəllim kimi işlədiyini, bununla yanaşı, ona göstərilən laqeydlikdən də gileylənib:
"17 ildir Azərbaycan Universitetində müəllim kimi fəaliyyət göstərirəm. Məşqçi kimi çalışmaq üçün təkliflər olmayıb. Ümumiyyətlə, "Qarabağ”ın bir neçə veteranı var ki, komanda üçün çox əziyyət çəkib. İndi isə hələ özümü demirəm, o veteranların adları belə çəkilmir. 5-6 nəfər var ki, onlara diqqət göstərilmir. Bir neçə il öncə avrokubok oyunlarına dəvət etmişdilər, getdim. Bir dəfə gətirib dəvətnamə vermədilər ki, ay filankəslər, gəlin bizimlə birlikdə oyuna baxın, təəssüratlarınızı deyin. Bir dəfə demədilər ki, ayağınız qırıla-qırıla, başınız təpik "yeyə-yeyə” komandanın bu səviyyəyə gəlməsində rolunuz olub. Vaxt olub, oyun zamanı azarkeşlər düşüb üstümüzə, dava olub. Çox çətinliklər görmüşük. Ancaq bir dəfə də deməyiblər ki, gəlin oyuna baxın”.
Səbuhi Həsənov