Xəbər lenti

“Qarabağ” son 3 mövsümün rekorduna imza atdı
İdman08:19 24.04.2023

“Qarabağ” son 3 mövsümün rekorduna imza atdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Qarabağ” son 3 mövsümün rekorduna imza atıb.
Qaynarinfo xəbər verir ki, Ağdam klubu Premyer Liqanın son 16 oyununda qol vuraraq buna nail olub.
Komanda XXXI turda "Zirə” ilə ev matçında 2:2 hesablı heç-heçə edib. XV turda məhz bu rəqiblə qolsuz heç-heçə etdikdən sonra Qurban Qurbanovun yetirmələri hər qarşılaşmada qol sevinci yaşayıblar.
16 oyunluq qol seriyası son üç mövsümün mütləq rekordudur. "Qarabağ” 2021-ci ildə ardıcıl 15 matçda rəqib qapısına yol tapan "Neftçi” və "Zirə”ni geridə qoyub.
Qeyd edək ki, sonuncu dəfə daha uzun qol seriyasına 2019-cu ildə təsadüf olunub. 2018/2019 və 2019/2020 mövsümlərini əhatə edən vaxtda ağdamlılar 17 matçda meydanı qolsuz tərk etməyiblər.
XV turda Azərbaycan Premyer Liqasında 2022/23 mövsümünün rekordu da təkrarlanıb. Belə ki, mövsümdə ikinci dəfə keçirilən 5 oyunun 3-də heç-heçə qeydə alınıb.
Bu, XXXI tura təsadüf edib. "Şamaxı” – "Kəpəz” və "Səbail” – "Neftçi” qarşılaşmaları 1:1, "Qarabağ” – "Zirə” matçı 2:2 hesabı ilə nəticələnib. Digər iki görüşdə qonaqlar qələbə qazanıblar. "Sabah” "Turan Tovuz”u 2:0, "Qəbələ” "Sumqayıt”ı 3:2 hesabı ilə məğlubiyyətə uğradıb.
Eyni cütlərin qarşılaşdığı XV turda da üç sülh yaşanıb. Ötən il noyabrın 27-29-da keçirilən matçlarda "Qarabağ”la "Zirə” qolsuz bərabərə qalıblar, "Şamaxı" - "Kəpəz" və "Sumqayıt" - "Qəbələ" matçlarında 1:1 hesabı qeydə alınıb. "Neftçi” evdə "Səbail”i 3:1, "Sabah” səfərdə "Turan Tovuz”u 1:0 hesabı ilə üstələyib.
Maraqlıdır ki, heç-heçə turundakı iki nəticə Azərbaycan çempionatları tarixində yubiley sayda qeydə alınıb. "Şamaxı” – "Kəpəz” görüşü 1:1 hesabı ilə nəticələnən 500-cü matç olub. "Qarabağ” – "Zirə” qarşılaşması isə 2:2 hesablı 150-ci bərabərlikdir.