Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ” səfərdə "Marsel”in qonağı olacaq. Matçla bağlı əslində, nikbin düşüncədə olanların sayı heç də az deyil. Rəqibin güclü, adlı-sanlı olmasına baxmayaraq Ağdam təmsilçisinin ən azı səfərdən heç-heçə ilə dönəcəyinə inananlar çoxdur.
Bəs mütəxəssislər və sabiqlər Qaynarinfo-ya açıqlamalarında "Qarabağ”ın şanslarını necə dəyərləndirdi?
Şahin Diniyev:
- Maraqlı oyundur. Proqnoz vermək çətindir. "Qarabağ” bir çox hallarda yaxşı mənada proqnozları darmadağın edib. Avrokuboklarda bir sıra ciddi klublarla başabaş mübarizə aparıb. Gözləntilərimiz var. Hazırda kağız üzərində "Marsel” həm futbolçu, həm ölkə, həm də klub baxımından "Qarabağ”dan bir neçə addım irəlidədir. "Qarabağ” öz futbolunu oynaya bilsə, məncə, normal qarşılaşma görə bilərik. Demək istədiyim odur ki, ikinci oyuna intriqa qalsın. Asan oyun deyil. "Marsel” Avropanın top-5 çempionatlarından birində çıxış edir. Onu da deyim ki, "Marsel” nə PSJ, "Barselona”, nə də "Mançester Siti”dir. Çempionlar Liqasında oynamırsa, deməli, top komanda deyil. Komandada hər mövqedə yüksək səviyyəli futbolçular var. Mövqe uğrunda böyük rəqabət də var. Milik var, hansı ki, heyətə düşə bilmr. Komandanın ən yaxşı oyunçularından biridir. Komandanın zəif və ya güclü cəhətlərinə gəlincə, deməzdim ki, müdafiə hücum və yarımmüdafiə xəttinə görə daha parlaqdır. Xətlərə baxanda, müdafiədə daha geri qalırlar. "Qarabağ”da da individual baxımdan Kadi və Zubir kimi güclü oyunçular var. Ümumiyyətlə, bu iki futbolçudan çox şey asılı olacaq. Digər oyunçuları da unutmayaq. Amma gəlin etiraf edək ki, bu gün "Qarabağ”ın hücumlarında ən yaradıcı oyunçular məhz bunlardır. Onların ətrafında Vadji, Ramil Şeydayev də olacaq. Bu futbolçular heç nədən qol vəziyyətləri yaradacaq bacarığa malikdir. Bu oyunda "Qarabağ”dan heç-heçə və ya minimalhesablı məğlubiyyət gözləyirəm. İstərdim ki, intriqa Bakıda da davam etsin.
Oqtay Abdullayev:
- Əvvəlcə psixoloji cəhətdən hazır olmalıdırlar. Birinci dəfə oynamırlar. Özü də "Qarabağ” səfərdə çox yaxşı çıxış edir. Bilirlər ki, orada ermənilər çox olduğuna görə daha yaxşı oynamalıdırlar. "Qarabağ”ın yaxşı nəticə ilə qayıdacağına inanıram. Düzdür, "Marsel” güclü komandadır. "Qarabağ” da Avropa oyunlarında təcrübəlidir. Mən də istərdim ki, ən azı heç-heçə olsun. Bu mümkündür. "Qarabağ” Azərbaycan çempionatında və Avropada daha fərqli oynayır. Belə turnirlərdə daha güclü çıxış edirlər. Ona görə də "Marsel”dən qorxmaq lazım deyil. Onar bizdən çəkinməlidirlər. Qələbə üçün oynamaq lazımdır ki, ən azı heç-heçə olsun. Böyük hesab olmayacaq, görərsiniz. Xaricdəki oyunlarda "Qarabağ”a bəzən təzyiqlər də olur, amma buna baxmayaraq, özlərini yaxşı aparırlar. Kipr klubu ilə oyunlarda bizə qarşı çox təzyiqlər olurdu. Buna baxmayaraq, qələbə qazandılar.
Zaur Ramazanov:
- Düşünürəm ki, çətin olacaq. Orada erməni diasporu var. Azarkeşləri "Qarabağ”ı sıxacaq. Amma "Qarabağ” belə mərhələləri keçib. Bu cür sıxıntıları görüb. Sadəcə, komanda olaraq "Marsel” də adlı-sanlıdır. Bu da bir amildir. Fikrimcə, "Qarabağ” heç-heçə oynaya biləcək. "Marsel”də səhv etmirəmsə, məşqçilərlə futbolçular arasında problemlər var. Bu, "Qarabağ” üçün yaxşı haldır. Amma onların müdafiəsi elə də inamlı deyil. Çox səhvlər edirlər. "Marsel”in bir oyununa 90 dəqiqə baxmışam. Düzdür, bir oyunla nəsə demək olmaz. Amma gördüklərimə əsasən deyə bilərəm ki, müdafiədə səhvləri çox olurdu. Müdafiələri keçilməz deyil. "Qarabağ” necə oynamalıdır? Əks-hücuma bel bağlamaq, nə vaxtsa bu şəkildə qol vurmağa ümid bəsləmək düzgün olmaz. Yəqin ki, Qurban hansı taktikanı seçəcəyini bilir, çünki bu mərhələləri keçib. Mənə elə gəlir ki, oyun zamanı rəqibi ikinci zonada qarşılamaq, pressinq etmək mümkündür. Müdafədə oturub əks-hücum gözləmək, məncə, doğru deyil. Özünüz də görəcəksiniz, rəqib müdafiəsində səhvlər çox olacaq.
"Qarabağ” o vaxt "İnter”lə oyunda hakim səhvi olmasaydı, mərhələni keçəcəkdi. Sonuncu dəfə şansı öz əlləri ilə buraxdılar. Səfərdə heç-heçə oynayıb "Bazel”i keçə və növbəti mərhələyə qrup birincisi kimi yüksələ bilərdilər. "Qarabağ” ildən-ilə inkşaf edir. Komanda həmişə eyni sistemlə oynamır. Daim yenilik axtarırlar, sistemlərini dəyişirlər. İnanıram ki, "Marsel”i keçəcəklər. Bəzən ağır oyunlar daha asan olur. Futbol da səhvlərdən ibarətdir. Düzdür, onlarda ustalıq daha çoxdur. Amma görürsən ki, "Şerif” də "Real”ı məğlub edə bilir. İki oyun həmişə çətin olur. Əslində "səfər qolu” prinsipinin ləğv olunması düzgün fikridir. Əziyyət çəkirsən, bir qol buraxanda məcbur olursan ki, mərhələ keçmək üçün ikisini vurasan. "Qarabağ”a uğurlar, inşallah, mərhələni keçərlər”.
Səbuhi Həsənov