"Qarabağ”ın aparıcı futbolçularından olan Kadi Borges sabah Konfrans Liqasında baş tutacaq "Marsel"lə oyun haqda fikirlərini bölüşüb.
Qaynarinfo xəbər verir ki, braziliyalı futbolçu onları çətin sınaq gözlədiyini söyləyib:
"Bizi çox çətin oyun gözləyir. "Marsel” çətin rəqibdir. Artıq ilk oyundan sonra rəqibin gücünün fərqində olduq. İlk oyunu analiz etmişik. Orada buraxdığımız səhvlərdən nəticə çıxarmışıq. İnanıram ki, cavab matçında o səhvləri təkrarlamayacağıq. Baş məşqçimiz oyunun ciddiliyini bir daha göstərdi. Hesab əleyhimizədir, buna baxmayaraq, onu xeyrimizə dəyişdirmək iqtidarındayıq. İlk oyundan sonra məşqlərimizi davam etdiririk. Təslim olmayacağıq, sona qədər mübarizə aparacağıq. Ümid edirəm ki, istədiyimiz nəticəni qazanacağıq”.
Borges səfərdəki matçla bağlı da düşüncələrini bölüşüb:
"Səfərə yollanmazdan əvvəl bizi necə oyun gözlədiyini bilirdik. Düzdür, qol imkanlarımız oldu. Onlardan yararlana bilsəydik, nəticə fərqli də ola bilərdi. Bizdən fərqli, "Marsel” əlinə düşən imkanlardan yararlandı. Evdəki oyuna gəlincə, ab-hava hər kəsə bəllidir. Dolu tribunalar daim bizi irəliyə səsləyir. Sabah da belə olacağına ümid edirəm. Hər zaman komanda olaraq xarakter göstərməliyik. Sabah da əlimizdən gələni edəcəyik. Ümid edirəm ki, sabah gözlədiyiniz oyunu göstərərik”.
Pley-off mərhələsində vurulan ilk qolun müəllifi olan yarımmüdafiəçi bu ilki gerçəkləşdirdiyi üçün sevindiyini deyib:
"Həqiqətən həmin qola imza atmaq, böyük sevinc, xoşbəxtlik gətirdi. Bu tək mənim deyil, bütün komandanın uğurudur. Bu həm də onu göstərir ki, doğru yoldayıq, komanda yaxşı işlər görür. Ümid edirəm ki, davamlı olacaq. Ən azı sabahkı oyunda bunu göstərməyə çalışacağıq”.
Səbuhi Həsənov