Xəbər lenti

“Qarabağ”ın keçmiş qapıçısı yeni qolkiperin oyununu şərh etdi
İdman09:18 18.02.2022

“Qarabağ”ın keçmiş qapıçısı yeni qolkiperin oyununu şərh etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ötən gün Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində baş tutan "Marsel” – "Qarabağ” matçında bir çox məqamlar diqqət çəkdi. Məğlub olmasına baxmayaraq, heç də adlı-sanlı rəqibindən geri qalmayan "Qarabağ”ın növbəti mərhələyə adlamaq şansları da az deyil.
Ağdam təmsilçisinin sabiq qapıçısı Fərhad Vəliyev komandanın həm Fransadakı matçı, həm də oyunda buraxılan səhvlərlə bağlı Qaynarinfo-ya fikirlərini bölüşüb.
"Çox maraqlı, açıq futbol izlədim. Kim daha çox səhv buraxdısa, məğlub oldu. Amma bu, ilk oyun idi. Növbəti oyunu "Qarabağ” evdə keçirəcək. Düşünürəm ki, Bakıda bizi maraqlı oyun gözləyir. Mənim üçün bir qədər gözlənilməz taktika oldu. Fikirləşirdim ki, "Qarabağ” tələsməyəcək, tempi qaldırmayacaq və rəqibi öz bölgəsində qarşılayacaq. Ancaq tərsinə oldu. Ən yaxşı müdafiə hücumdur. "Qarabağ” da məhz belə oyunu seçdi və ilk dəqiqələrdə qol epizodu yaratdı. Sadəcə, yararlana bilmədi”.
Bəs hansı səhvləri qabartmaq olar? Vəliyevin cavabı belədir:
"Ümumilikdə, "Qarabağ”ın əsas heyəti çox yaxşı çıxış etdi. Əsasən qapıçı Luka Quqeşaşvilidən danışmaq istəyərdim. Bir neçə epizodda yaxşı oynadı. Amma buraxılan ilk və sonuncu qollarda topları rahat götürə bilərdi. Xüsusilə bu iki qolda qapıçının səhvləri vardı. Çıxışda topu tuta bilərdi, amma səhvə yol verdi. Buna baxmayaraq, bir neçə dəfə "Qarabağ”ı qoldan xilas etdi”.
Veteran qapıçı Ağdam təmsilçisinin qolkiperinin səviyyəsi haqda da danışdı:
"Hələ ki, cavandı, perspekivi var. Göstəriciləri yaxşıdır. Statistikaya dəqiq baxmamışam, ola bilər, Avropada ilk oyununu keçirirdi. Bu mənada həyəcanlı ola bilər. Oyunun gedişində bəzən yersiz hərəkətləri görünürdü. Öz-özünə hirslənmişdi, narazı idi. Bilirdi ki, ilk qolda səhv buraxıb. İnşallah Avropada oynadıqca təcrübə toplayar. Məğlubiyyətdə əsas pay qapıçının üzərinə düşdü. Səhvlərə yol verdi. Ümumi götürəndə pis qapıçı deyil. Gələcək üçün ümid verir”.
Keçmiş qapıçı "Qarabağ”ın şansları haqda bunları söylədi: 
"İki top fərqi var. İlk oyundan sonra ümid verirlər. Ancaq çətin olsa da, Bakıda "Qarabağ” "Marsel”i məğlub edə, iki qol vura bilər. Oyunu əlavə olunmuş dəqiqlərə qədər də apara bilərlər. Şanslar var”.
Səbuhi Həsənov