Dünya 17:47 24.05.2023

Qaribaşvili: Gürcüstan Rusiyaya qarşı sanksiyalar tətbiq etməyəcək

Gürcüstan Rusiya Federasiyasına qarşı birbaşa sanksiyalar tətbiq etməyəcək.

Qaynarinfo xəbər verir ki, bu barədə ölkənin Baş nazir İrakli Qaribaşvili bildirib.

"Rusiyaya qarşı sanksiyalar tətbiq etsək, xalqımıza ziyan vuracağıq”, - Qaribaşvili mayın 24-də Qətərdə keçirilən iqtisadi forumda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Gürcüstan Ukraynanı və Ukrayna xalqını dəstəkləyir, lakin Rusiyaya qarşı birbaşa sanksiyalar tətbiq etməyəcək.

"Rusiya ilə ticarət dövriyyəmiz bir milyard dollardan azdır. Müqayisə üçün: Avropa Birliyi Rusiya ilə bizim bir ildə ticarət etdiyimizi cəmi dörd günə edir. Bizi Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə çağıranda məntiq harada qaldı?” - Qaribaşvili bildirib.

Baş nazir deyib ki, "bəzi ukraynalı siyasətçilər” Gürcüstanda Rusiyaya qarşı "ikinci cəbhə”nin açılmasını "çox istəyərlər”, lakin bu baş verməyəcək.

"Gürcüstan dörd milyon əhalisi olan kiçik dövlətdir, ona görə də ölkədə sülhün, sabitliyin və təhlükəsizliyin qorunması vacibdir. Mənim borcum xalqımın mənafeyini qorumaqdır”, - Qaribaşvili vurğulayıb. 

Nizami Bağırov