"Qaribaşvilinin istefa xəbəri hakim Gürcü Arzusu Partiyasında parçalanmadan xəbər verir".
Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Üzeyir Şəfiyev keçmiş baş nazir İrakli Qaribaşvilinin Gürcüstanın hakim Gürcü Arzusu Partiyasından istefa verdiyi barədə məlumatları şərh edərkən deyib.
Üzeyir Şəfiyev bildirib ki, əslində, Gürcüstanda baş verən hadisələr Cənubi Qafqaz uğrunda böyük dövlətlərin geosiyasi maraqlarını təzahür etdirən barometr kimi özünü göstərir:
"Rusiya və Qərb bölgədən geri çəkilmək niyyətində deyillər. Gürcüstanda davam edən qarşıdurma və gərginlik hələ ki, eskalasiya mərhələsindədir. Hakim "Gürcü arzusu” partiyasının bir neçə funksioneri istefa verib. Bu isə baş verən hadisələrin hakim partiyanın bəzi üzvləri tərəfindən pessimist sonluqla nəticələnə biləcəyinə işarədir. Yəni onlar gələcək barədə ümidsizdirlər. Çünki proseslərin eskalasiyasını görürlər. Qərb şillə-qoğal siyasətilə Gürcüstana sahib olmaq istəyir. Rusiya Gürcüstana itirilmiş ərazilərin konfederativ əsaslarla Tiflisə qaytarmaqla bağlı verdiyi vədi yubadarsa, gürcü xalqı yönünü dəyişmək barədə düşünə bilər".
Konfliktoloq qeyd edib ki, İrakli Kobaxidze hökumətinin 2028-ci ilə qədər Avropa İttifaqı ilə danışıqları dondurmaqla bağlı qərarı Gürcü Arzusu Partiyasında da fikir ayrılığına gətirib çıxarıb:
"Qaribaşvilinin istefası barədə məlumat yayılsa da, sonradan təkzib olundu. Bu baxımdan, hakim partiyada istefalar davam edəcək. Ehtimal var ki, səbəb göstərilməsə də, Qaribaşvilinin istefa xəbəri də məhz hakim partiyada parçalanmadan xəbər verir. Hakimiyyət ənənəvi münaqişə yatırmaq metodundan istifadə edərsə, ictimai ikrah yaradan əməllərə yol verməzsə, sabitlik yaranacaq. Hakim partiya ictimaiyyətlə düz işləsə, özünün müstəqil mövqeyini qoruyub saxlasa, öz milli maraqlarını təmin edən kursu götürsə, ölkədə sabitlik təmin oluna bilər. Rusiya və ya Qərbə doğru meyllənmə isə Gürcüstana xoş heç nə vəd etmir və etməyəcək".
Qeyd edək ki, hakim Gürcü Arzusu Partiyasının sədri, keçmiş baş nazir İrakli Qaribaşvilinin partiya sıralarını tərk etdiyi barədə məlumatlar yayılıb. Bu barədə "Mtavari Arxi” məlumat yayıb.
Amma onun partiyanı hansı səbəbdən tərk etməsi açıqlanmır. Düzdür, sonradan Gürcüstan parlamentinin vitse-spikeri Gia Volski İrakli Qaribaşvilinin partiya sıralarını tərk etməsi ilə bağlı məlumatı təkzib edib. Lakin özü bu barədə hələlik susur.
Rüfət Sultan
Şərhlər