İdman 15:13 27.09.2022

Qarşısına I yeri tutmaq şərti qoyulan italyan mütəxəssis millidə qalacaqmı? - Vaqif Sadıqov

Canni De Byazinin rəhbərlik etdiyi yığma Millətlər Liqasını 10 xalla başa vurdu. Təbii ki, millinin bu nəticəsi heç də birmənalı qarşılanmadı. 10 xalı yaxşı nəticə sayanlar da var, qaneedici olmadığını və komandanın yaxşı futbol göstərmədiyini deyənlər də. Ancaq daha bir vacib məsələ var. Baş məşqçinin qarşısına birinci yeri tutub, növbəti mərhələyə adlamaq şərti qoyulmuşdu. Bundan sonra italyan mütəxəssis millidə qalacaq ya yox?

Suallarımıza AFFA-nın Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqovdan cavab aldıq. Təcrübəli mütəxəssis Qaynarinfo-ya müsahibəsində bunları söylədi:

- Millimiz tsikli başa vurdu. Komandanın nəticələrini necə analiz edərdiniz?

- Hələ ki, pley-ofa yüksəlmək üçün şans var. Komanda son oyunlarda məzmunlu, iradəsini ortaya qoymaqla yaxşı futbol sərgilədi. Açığı qələbəyə kölgə salmağa ehtiyac yoxdur. Sona qədər mübarizə apardılar. Yada salın, Belarusla oyunun sonunda nəticəni öz xeyrimizə dəyişdirə bildik. Slovakiya ilə oyunda hesabda irəlidə olduğumuz zaman qapımızda qol gördük. Buna baxmayaraq, yenə də hesabda önə keçib qələbə qazandıq. Bunun üçün obyektiv səbəblər də var. Futbolçular çox yaxşı formada idi. Həmişə demişəm, yığmanın uğurunda müəyyən amillər var, hansı ki, De Byazi bundan səmərəli istifadə etdi. 7 tur keçəndən sonra onlar istər-istəməz forma yığırlar. Komandanın formada olmasından, "Qarabağ”ın Avropadakı uğurundan söhbət gedir. Məşqçi bunu nəzərə alaraq oyun sistemində dəyişiklik etdi. Bununla da istədiyinə nail oldu. Yəni, məşqçinin bu addımını vurğulamamaq düzgün olmazdı. Qalib psixologiyasına malik "Qarabağ”ın Avropadakı uğuru yığmaya da təsir etdi, özlərinə inamı qaytardılar. Bu, çox önəmlidir. Son oyunlarda "Qarabağ”ın oyunçularının əksəriyyətinin yer alması, məşqçinin əvvəlki oyunları təhlil edib belə addım atması öz bəhrəsini verdi. Şansımız, potensialımız, futbolçularımız var. Kimisə xüsusilə qeyd etmək istəmirəm, demək olar, bütün komanda yaxşı təsir bağışladı.

- Tsikl üçün qarşıya hansı hədəflər qoyulmuşdu?

- De Byazi ilə müqavilə 10 aylıq uzadılanda şərt qoyulmuşdu ki, birinci, ya da ikinci yerlə pley-ofa vəsiqə qazansın. Hədəf bu idi. Ona bildirilmişdi ki, gələcək taleyi məhz bu nəticələrdən asılı olacaq. 

- Qazaxıstanın belə nəticə göstərəcəyini, Slovakiyanı məğlub edəcəyimizi gözləyirdinz?

- Qazaxıstan yeganə məğlubiyyəti bizdən aldı. Onlar bu uzun yolu çox dəqiqliklə keçib. Qazaxıstanın təsadüfən birinci pilləyə sahib olduğunu demək düzgün deyil. Komanda şəklində hər bir oyunda mübarizə apardılar və ilk pillədə qərarlaşdılar. Bir şeyi başa düşməliyik ki, futbolçularımız bizim qrupda heç kimdən zəif deyildi. Öz oyunları ilə də bunu sübut etdilər. Uğursuz startdan sonra futbolçular toparlanıb iradələrini ortaya qoya və müsbət nəticə ilə azarkeşləri sevindirə biliblər.

- Yığdığımz 10 xal millinin həqiqətən güclü olduğunun göstəricisidir?

- Azərbaycan futbolunun potensialının göstəricidir. Bu gün hansısa komandaları favorit görüb onlardan çəkinməməliyik. Çünki hər bir rəqiblə mübarizə apara biləcək futbolçularımız var. "Qarabağ” böyük uğurlara imza atır. Mümkün deyil ki, bunun yığmamıza təsiri olmasın. Son oyunda start heyətində 7 futbolçu "Qarabağ”ı təmsil edirdi. Tural Bayramovu da əlavə etsək, 8 futbolçudan istifadə olundu. Bu da istər-istəməz yığmaya pozitiv təsir bağışladı. Meydana çıxan oyunçuların hər biri özünün ən yaxşı oyununu sərgiləmək istəyirdi. Yəni, hansısa oyun bizim üçün formal xarakter daşımayıb.

- Əksər mütəxəssislər De Byazinin oyun sistemini tənqid edirlər. Məsələn, ultramüdafiəyə üstünlük verdiyini düşünürlər…

- Hansı sistemdən söhbət gedir? Macarıstanla italiyalılar da bu sistemə, yəni beşli müdafiəyə üstünlük verirlər. Gəlin uğursuzluğu hansısa sistemin üzərinə atmayaq. Hər sistemdə müsbət nəticə əldə etmək mümkündür. Sizinlə razıyam, bu, Azərbaycan futboluna oturdulmamış sistemdir. Klubların əksəriyyəti bundan istifadə etmirlər. Belarusla matçın ikinci hissəsindən başlayaraq seçilən modellə De Byazi təsdiq etdi ki, bizə yaxın bu üslubdur. Müdafiədə və hücumda çoxluq yaratmaqla istəyimizə nail ola bilirik. Təsadüfi deyil ki, son üç oyunda rəqib qapılarından 8 top keçirmişik. Hazırda Renat Dadaşov, Mahir Emreli, Ramil Şeydayev hər bir komandanın istəyəcəyi futbolçulardır. Potensialları böyükdür, ən yaxşı dönəmlərini yaşayan, Avropada əsl mənada sözlərini deyə biləcək futbolçulardır. Müasir futbolun tələbləri belədir ki, müdafiədə və hücumda çoxluq yaratmaqla üstünlük əldə etmək lazımdır. Statistikaya fikir versək, topa sahib olmaq faizi bizim xeyrimizədir. Bu da o deməkdir ki, hücumların təşkilində imkanımız qat-qat çox olacaq. Demək istəyirəm ki, son 4 oyunda komanda çox yaxşı təsir bağışladı. İnam olmalıdır. İnamsız insan, yaxud futbolçu həyatda heç nədir. Hədəf olmalıdır. 

- Bu nəticələrdən sonra De Byazinin postundan gedib-getməmək məsələsi ilə bağlı hansı müzakirələr gedir?

- Müzakirələr getmir. Səmimi deyirəm, bundan öncə dəyişikliyə əl atmaq ehtimalı çox olanda bir neçə namizədin adı bizə çatdırılmışdı. Amma hazırda belə bir şey yoxdur. Məndə olan məlumata görə, milliyə başqa məşqçi namizədlər və müzakirələr yoxdur. İcraiyyə Komitəsinin iclasının vaxtı müəyyənləşməyib. Qərar orada veriləcək. Hələ oktyabrın 1-nə qədər millimizin baş məşqçisinin AFFA ilə müqaviləsi var. Hazırda müzakirələr aparılmır, nə olacağı bilinmir. İlk növbədə müəyyənləşdirməliyik ki, hansı yöndə müzakirələr aparılmalıdır? Bu, çox şeydən asılıdır. Yaranmış vəziyyələ bağlı strateji addımlar atılmalıdır. Bir aydan sonra yoldaşlıq və Avropa Çempionatının seçmə mərhələsində oyunlar başlayır. Müzakirələr zamanı səhv etmək olmaz. Nəsə addım atılsa, ictimaiyyətə çatdırılacaq. Mən də sizin kimi Azərbaycan futboluna görə narahatam. Bundan öncə demişəm, indi də təsdiq etmək istəyirəm ki, futbolçularımız, məşqçilərimiz var. 

Səbuhi Həsənov