Bakının Yasamal rayonu, Mikayil Müşfiq küçəsi 78 ünvanında şam ağacların kəsilməsi ilə bağlı xəbər vermişdik. Məlumat üçün xatırladaq ki, hadisə Yasamal rayonunda yerləşən Arif Hüseynzadə adına 20 nömrəli məktəb-lisey və Fövqəladə Hallar Nazirliyinin binası ilə üzbə-üz ərazidə baş verib.
Belə ki, dünən səhər əraziyə gələn Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları ağacları budamaq adı ilə orada iş aparıblar. Qurumuş ağac adı ilə ərazidə 6 şam ağacı kəsilib. Üstəlik kəsilən ağacların dibi yumuşaldılmamış yerinə kiçik şam tingi basdırıblar. Apardığımız araşdırma zamanı sözügedən ərazidə ümumilikdə 15-dən çox ağacın kəsildiyi məlum olub.
Ərzidə yaşayan sakinlər bildirib ki, Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları hər ay burda 4-5 ağac kəsirlər. Belə gedişlə ilin sonuna qədər ərazidə ağac qalmayacaq. Kəsdikləri ağacların yerinə isə kiçik bir tingi bərkidirlər. Bir neçə aya onlar da quruyub gedir. Eyni üsulla yenə də kəsilənlərin yerinə "ağac əkimi” həyata keçirilib.
Yazı dərc olunandan sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidməti Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 78 və 90-92 nömrəli yaşayış binasının arxa hissəsində ağacların kəsilməsi ilə bağlı araşdırma aparıb.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov Qaynarinfo-ya bildirib ki, əraziyə keçirilən baxış zamanı ümumilikdə 13 şam ağacının kəsildiyi, kəsilmiş ağaclardan 9-nun bioloji inkişafda, 4-nün isə quru olduğu müəyyən olunub.
"Araşdırma zamanı ağacların Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən götürüldüyü məlum olub. Faktla bağlı akt, protokol tərtib edilərək, cərimələnib", deyə Bəhruz Məhərrəmov bildirib.
Əhməd