
Ötən gün Tarif Şurası qaz və elektrik enerjisi qiymətlərinin artımı ilə bağlı qərar verdi.
Bu qərar əslində gözlənilən idi. Yerli ekspertlər büdcədə vəsaitlərin həcminin kiçilməsindən sonra büdcədən asılı olan sektorlarda qiymət artımını öncədən proqnozlaşdırmışdı. İqtisadçı ekspert Qalib Toğrul Qaynarinfo.Az-a son qərar və onun nəticəsində qiymətlərin artımı ilə bağlı sualları cavablandırdı:

Tarif Şurasının dünənki qərarı nədən xəbər verir ?
- Differensiyalaşdırılma aparıldığına görə nəzərdə tutulub ki, əhalinin sosial müdafiəsi zəif olan qruplara bu qərarın təsiri minimumlaşdırılsın. Qazı, işığı daha çox istehlak edənlər baha qiymətlə daha çox ödəməli olacaqlar. Differensiyalaşdırılma aparılanda bir tərəfdən yaxşıdır ki, əhalinin aztəminatlı hissəsi nəzərdə tutulub. Onsuz da, əhalinin bu qrupu kommunal xidmətlərdən çox istifadə etmirlər. Qiymət artımı kimi məsələyə yanaşanda biz görürük ki, qoyulan tarifin illik istehlak həcmi 1500 kubmetrədək olması çox aşağı istehlak normasıdır. Adətən, qış aylarında istifadə edilən qazın həcmi qoyulan istehlak normasını keçir.
Onda belə çıxır ki, qoyulan tariflər aşağı olduğundan hamı baha qiymətlə ödəniş edəcək. Bu cür qərarlar digər ölkələrdə necə tətbiq olunurmu?
- İstehlak norması çox aşağıdır. Ümumiyyətlə tariflərin differensiyalaşdırılması adətən iqtisadi cəhətdən inkişaf etməmiş, sosial müdafiə sistemi təkmil olmayan ölkələrdə xarakterik olan bir faktordur. İnkişaf etmiş ölkələrdə differensiyalaşdırılmış tariflərdən istifadə olunmur. Biz bu qərarla 90-cı illərə qayıtmış oluruq. Əslində biz geriyə doğru gedirik. Keyfiyyətdən asılı olaraq xidmətin qiyməti formalaşır. “Mən bu xidmətdən çox istifadə edirəmsə, daha baha qiymətə ödəməliyəm” –kimi pronsiplərlə yanaşmaq olmaz. Tarifləri qaldırmamışdan əvvəl birinci növbədə həmin sektorda xidmətin keyfiyyətinin yüksəldilməsi ilə bağlı addımlar atılmalıdır. Qərara diqqət etdikdə yazılıb ki, itkilərin həcminin minimuma endirilməsi ilə bağlı tədbirlər görülsün və bununla bağlı Tarif Şurasına məlumat verilsin. Bu sahədə itkilər çoxdur, maya dəyərinin hesablanması ilə bağlı çoxlu yalnışlıqlar var, şəffaf idarəetmə ilə bağlı problemlər var. İlk növbədə bu problemlər aradan qalxmalıdır. Bu sektora daha çox özəl sektor nümayəndələri cəlb edilməlidir. Tam şəffaf mühit olduqdan sonra deyə bilərik ki, bizim tikilərimiz nə qədərdir, niyə dövlət bu sahələrə dotasiya verməlidir.
Yerli istehsalçıların vəziyyəti bu qərardan sonra necə olacaq?
- Bu qərar yerli istehsala təbii ki, zərbə olacaq. Çünki enerjinin payı yerli istehsalın maya dəyərində çox yüksəkdir. Yerli istehsal əziyyət çəkəcək və onun inkişafı ilə bağlı digər təşviqedici qərarlar olmuşdu, hesab edirəm ki, bu qərar əvvəlki qərarlara kölgə salır, onların tətbiqini məhdudlaşdırır.
Metro artıq bir neçə ildir ki, itkilərlə çalışır və elektrik enerjisinin qiymətinin artması metroda gediş haqqı qiymətinin bahalaşmasına səbəb olacaq?
- Nəinki metronun, nəqliyyatda gediş haqqı artırılacaq. Bu artıq qaçılmazdır. Çünki metro da elektirk enerjisinin istehlakçısıdır. İqtisadiyyatda bu proseslər biri-birilə zərcirvari şəkildə bağlı olduğundan eyni zamanda sərnişindaşınmada və yükdaşınmada da tariflərin artırılması artıq qaçılmazdır. 2017-ci ilin büdcəsinə baxanda əvvəlcədən müəyyən etmək olardı ki, artıq hökumət subsidiya hesabına saxladığı müəssisələrə artıq yardım etmək iqtidarında deyil. Büdcədə çox böyük həcmdə daralma gedib. Belə görünür ki, 2017-ci ildə xərclərin əksəriyyətini hökumət daha çox istehlakçılardan çıxartmaq istəyir.
Pərvin Zeynal
Qaynarinfo.Az