Xəbər lenti

İdman 12:47 09.04.2024

“Qəbələ” fanatı: “Ona görə hələ ki susmuşuq...”

Kaxaber Tsxadadzenin gəlişindən sonra "Qəbələ” ilə bağlı ümidlər bir qədər alovlanmışdı.
 
Əsasən də komandanın azarkeşləri Elmar Baxşıyevin istefasından sonra gürcü məşqçiyə böyük ümidlər bəsləməyə başlamışdı. Ancaq hələ ki, beş oyundur qələbə üzünə həsrət olan "Qəbələ” hətta Baxşıyevin dönəmindəkindən də zəif görünür. Bəs azarkeşlər nə düşünür?

Klubun "Red Black Army” azarkeş qrupunun rəhbəri Cavad Şərifli Qaynarinfo-ya açıqlamasında narazılığını dilə gətirib:

"Biz də belə olacağını gözləmirdik. Kaxaber yaxşı məşqçidir, Azərbaycanda nəticələri olub. Ümidimiz vardı ki, qara zolaqdan çıxacağıq. Gedişat göstərdi ki, dəyişən heç nə olmadı. Çox çətin vəziyyətdəyik, başa düşürük. Aldığımız futbolçular yaxşı çıxmadı. Transferlərmizin gözlənilənin əksinə, zəif çıxışı məşqçinin də işinə çətinlik yaradır. Əlində "material” yoxdur, anlayıram. Bununla belə, Kaxaberə haqq da qazandırmıram. Komamndaya ruh verə bilmirlər. Məşqlərə baxıram, Kaxaber nə qədər əziyyət çəkir. Hücumu başa salanda oyunu dəfələrlə saxlayır. Alınmır, xeyirlisi, görək, gələcək nə göstərir. Hələ 12 komanda olub-olmayacağı, gələcəkdə hansı dəyişikliklər ediləcəyi haqda məlumatım yoxdur. Heç nəyə ümid etmirik. Çempionatı 80-90 faiz sonuncu pillədə bitirəcəyik. Nə olacağını zaman göstərəcək”.

Maraqlıdır, "Qəbələ” Birinci Liqaya düşsə, azarkeşlər hansı addımı atacaqlar? Ümumiyyətlə bu, onların sayına təsir edəcəkmi?

"Azarkeş problemi ümumi Azərbaycan futboluna şmil olunur. "Turan Tovuz”dan başqa, digər klubların oyunlarında stadiona gələnlər, demək olar, eyni azarkeşlərdir. Hər komandanın 30-40 nəfərlik fanklubu, 200-300 nəfər də daimi azarkeşzləri var. Elə olub ki, "Qarabağ”la "Qəbələ”nin oyununda stadion 80 faiz dolub. Azarkeş problemi ümumi futbolumuzda var. Bir çox insanlar futbola evdə oturub çay içə-içə baxmağı daha üstün tutduğunu deyir. İnanıram ki, "Qəbələ” qalsa, yenə daimi azarkeşləri stadiona gələcək. "Qəbələ”nin, hətta əvəzedici komandasının oyununa 200-300 azarkeş gəlir. Birinci Liqaya düşsə, cüzi azalma ola bilər. Amma bəlli sayda azarkeşlər, fikrimcə, həmişə gələcək. Fanklubumuzun xeyli sayda üzvü var. Amma oyunlara hamısı gələ bilmir. Məsələn, "Zirə”yə 25-30 nəfərlə getmişdik. İşdə-gücdə, tələbə olanlar var. Bu səbəbdən say tez-tez dəyişir. Biz oyunlara futbolçulara, yaxud kiməsə yox, "Qəbələ”nin adına, loqosuna görə gedirik. Harda olmağımıza baxmayaraq, dəstəyimizi göstərəcəyik”.

Şərifli, klubdakı dəyişikliklərdən sonra, hələ ki, nə futbolçular, nə də rəhbərliklə görüşdüklərini bildirdi:

"Xeyr, görüşümüz olmayıb. Bəlkə də mövsümün sonunda baş tutacaq. Hələ ki, belə planlarımız yoxdur. Sonuncu görüşümüz Elmar müəllimin dövründə, dekabrda olub”.

Azarkeşlər "Qəbələ”nin durumu ilə barışıbmı?

"Bəlkə də barışanlar var. Çünki qarşıda yeddi tur qalıb, bu da maksimum 21 xal edir. Hər şey ola bilər. Fanatlar əlini üzmür. Ancaq yəqin ki, üzənlər var. Komandada ruh yoxdur, təzyiq altında oyuna çıxırlar. Bəlkə də futbolçuların bəziləri bunu artıq qəbul edib. Düzdür, fanklub şəklində olmasa da, fərdi halda etirazlarımızı edirdik. İndi də etiraz edə bilərik. Amma bu, mənasız olacaq, nəsə dəyişməyəcək. Ona görə də hələ ki susmuşuq”.

Səbuhi Həsənov 

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?