Xəbər lenti

“Qəbələ”nin futbolçusu: “Məğlubiyyətlər ruh düşkünlüyü yaratdı”
İdman 15:44 24.08.2023

“Qəbələ”nin futbolçusu: “Məğlubiyyətlər ruh düşkünlüyü yaratdı”

Bu mövsümə uğursuz başlayan "Qəbələ” artıq üç oyundur ki, xal üzü görmür. Konfrans Liqasınının ilk təsnifat mərhələsində Elmar Baxşıyevin "Omoniya”ya məğlub olan komandası, görünür, psixoloji baryeri hələ aşa bilməyib. Hətta Premyer Liqanın debütantı "Araz-Naxçıvan”a da uduzan bölgə təmsilçisi nədənsə toparlana bilmir. Bəs bunun səbəbi nədir?

Geridə qalan hər üç turda komandanı kapitan kimi meydana çıxaran Urfan Abbasov Qaynarinfo-ya açıqlamasında "Qəbələ”nin hazırkı durumundan danışıb. O, düşdükləri vəziyyəti belə qiymətləndirib:

"Son üç oyunda məğlub olduq. İstədiyimiz oyunu alındıra bilmirik. Çalışırıq ki, məşqdən-məşqə inkişaf edək və geriliyi aradan qaldıraq. Qarşıda çətin oyunlarımız var. Konfrans Liqasındakı nəticələrdən sonra komandada ruh düşkünlüyü oldu. Premyer Liqanın ilk turunda "Sabah”a, ardınca "Araz-Naxçıvan”a məğlubiyyətlər futbolçularda ruh düşkünlüyü yaratdı. İstəyirdik ki, heç olmasa "Sumqayıt”la görüşdə uğursuzluğa son verək. Düzdür, oyunda pis təsir bağışlamadıq. Amma ilk 15 dəqiqə ərzində buraxdığımız qollardan sonra, öz yaratdığımız qol vəziyyətlərindən də istifadə edə bilmədik. Yenə də əlimizi-qolumuzu yanımıza salmırıq, "Qara zolaq"dan çıxmağa çalışırıq. Qarşıdakı oyunlarda yaxşı nəticələr verməyə çalışacağıq”.

O, "komandada nə çatmır” sualına belə cavab verib:

"Omoniya” ilə oyunda fikirlər tam başqa idi. Jurnalistlər, futbola baxan insanlar "Qəbələ” haqqında yaxşı düşüncədə idilər. Təəssüflər olsun ki, Konfrans Liqasından sonrakı məğlubiyyətlər hamını fərqli düşünməyə vadar edir. Bəlkə də yeni futbolçulara uyğunlaşmaq üçün vaxt lazımdır. Deməzdim komandada arxayınlıq var idi. Bilirsiniz ki, "Qəbələ”dən neçə oyunçu getdi. Demək olar, yeni komanda formalaşdırıldı. Əksər futbolçular təzədir. Konfrans Liqasındakı ilk oyun bizə ümid vermişdi. Məğlubiyyətlərdən sonra komandada ruh yüksəliyini bərpa etməyə çalışırıq. Bəlkə daha aqressiv, motivasiyalı oynasaq, yaxşı nəticələr verəcəyik. Keyfiyyətli futbolçularımız var, bir qədər uyğunlaşmaq lazımdır. Keçən il tam fərqli oyunçular idi. Həm də ötən mövsümə qələbə ilə başlamışdıq. Sonradan "spat” oldu, qələbə qazana bilmirdik. Belə seriyalar olur. Bəlkə davamında daha yaxşı olacaq və qələbələr qazanacağıq. Ümidlərimiz böyükdür”.

Maraqlıdır, "Qəbələ”nin oyun üslubunda hansısa dəyişikliklər edilib?

"Elmar müəllimin tapşırıqları, demək olar, eynidir. Eyni sistem üzərində işləyirik. Nə dərəcədə alınacaq deyə bilmərəm. Yəqin ki, gələcək oyunlarda daha sistemli şəkildə oynayacağıq. Konkret oyunları analiz edirik, səhvlərimizə baxırıq. O səhvlər üzərində çalışırıq. Hər zamankı taktika üzərində işləyirik”.

Urfan meydana kapitan sarğısı ilə çıxmağının əlavə məsuliyyət olduğunu da deyib:
 


"Kapitan kimi meydana çıxanda, istər-istəməz motivasiya verən şəxs olursan. Çalışırsan ki, komandada ruh yüksəkliyi yaradasan. Əlimdən gəldiyi qədər kollektivin həm özünə gəlməsi, həm yaxşı nəticə verməsi üçün çalışıram. Bəlkə qarşıdakı oyunlarda daha yaxşı olacaq”.

Bu mövsüm müdafiəçini daha hansı məqamlar təəccübləndirir?

"Komandalarda güclənmə var. Demək olar, zəif rəqib yoxdur. Hər kəs gücünü ortaya qoyur. Bu il daha maraqlı oyunlar olacağına və çempionat keçəcəyinə inanıram. Qarşımıza konkret nəsə nəticə qazanmaq qoyulmayıb. Təbii, çalışacağıq ki, yaxşı yerlər uğrunda mübarizə aparaq. Onsuz da çempionatın əvvəlidir, qarşıda xeyli turlar var. Oyunumuz yaxşılaşsa, nəticə gələcək”.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->