Xəbər lenti

"Qəbələ"nin meneceri: "Xüsusi bir şeyi dəyişmək fikrimiz yoxdur"
İdman05:30 23.12.2021

"Qəbələ"nin meneceri: "Xüsusi bir şeyi dəyişmək fikrimiz yoxdur"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bir neçə gün öncə "Neftçi” yeni idman direktoru Zaur Əzizovu icimaiyyətə təqdim etdi. Buna qədər "Qəbələ”də menecer kimi çalışan Zaur bəyi isə sabiq klubunda Nail Kərimov əvəzlədi. Kərimov eyni zamanda "Qəbələ”nin akademiyasında da çalışır. Akademiyanın meneceri vəzifəsini yerinə yetirən Kərimovun fəaliyyəti, klubdakı yeni işi və qarşıdakı planları haqda fikirlərini öyrəndik.
İdman direktorunun Qaynarinfo-ya müsahibəsini təqdim edirik.
- Zaur Əzizovun gedişindən sonra onun yerinə təyinatınız fəaliyyətinizin mahiyyətini dəyişəcək?
- Mahiyyətini dəyişəcək deyəndə, işin üstünə daha bir iş əlavə olunacaq. Əvvəl akademiyaya baxırdımsa, indi ikisinə birlikdə nəzarət etməliyəm. 
- İki işi eyni anda görmək çətinlik yaratmayacaq?
- Əlbəttə, çətin olacaq. Daha çox vaxt və enerji tələb edir. Ola bilər, növbəti mövsümdən akademiyaya kömək edəcək əməkdaşların sayı artsın. Amma bu mövsüm elə indiki formada davam edəcəyik.
- Əzizovun gedişi klubun fəaliyyətində hansısa boşluqlar yarada bilər?
- Ümid edirik ki, olmayacaq. Çünki burada uzun illərdir oturuşmuş struktur var. Kollektivdəki əməkdaşlarımız artıq öz işinin peşəkarıdır. Prosesi öyrəniblər. Amma təbii ki, nəyin olub-olmayacağını zaman daha yaxşı göstərəcək.
- Yəqin ki, artıq fəaliyyətə başlamısınız. Qarşıdakı planlarınız nədən ibarət olacaq?
- Fəaliyyətə başlamışam, tezliklə rəsmi təyinat olacaq. Xüsusi bir şeyi dəyişmək fikrimiz yoxdur. Hesab edirik ki, hər şey doğru və yolundadır. Ona görə də bu formada davam edəcəyik.
- Buna qədər akademiyada çalışırdınız. Bəs akademiyanın fəaliyyətində hansısa dəyişikliklər gözlənilir?
- Xeyr, akademiyada uzun illərdir struktur var, həmişəki kimi çalışır. Ona görə də hansısa dəyişiklik və ya boşluq gözlənilmir.
- "Qəbələ” bu mövsüm çıxışı ilə diqqətləri üzərinə çəkib. Uğurun səbəbini nədə görürsünüz?
- Yaxşı seleksiyada, mehriban kollektivdə və rəhbərliyin işə peşəkar yanaşmasında.
- Qarşıdan qış fasiləsi gəlir, heyətlə bağlı hansı dəyişikliklər gözlənilir? Transfer üçün danışıq apardığınız futbolçular var?
- Danışıq apardığımız oyunçular var. Bir nəfərin heyətə cəlb edilməsi gözlənilir. Legioner olacaq. 
- Bir nəfərlə kifayətlənəcəksiniz?
- Bəli, bir nəfərlə kifayətlənəcəyik. Çox güman, hücum xəttini gücləndirəcəyik. Ancaq hazırda hansı ölkədən olduğunu özüm də bilmirəm ki, sizə deyim. Hələ bu haqda danışıqlar aparırıq, müzakirələr gedir. Nəzərdən keçirəndən sonra futboçularla danışıqlara başlayacağıq.
Səbuhi Həsənov