Qədim Romada qadın qladiatorlar da var idi.
Qaynarinfo-nun məlumatına görə, tarixçilərin "Gladiatrix" adlandırdıqları döyüşçülər kişi qladiatorlar kimi adi deyildi. Onlar romalılar üçün kifayət qədər ekzotik və seksual fiqurlar sayılırdı. Qladiator yarışlarına qadın qladiatorların dəvət edilməsi ev sahiblərinə əlavə xallar qazandırdı. Qladiatrikslər yarış sahiblərinin yüksək varlığının və böyük sərvətinin sübutu kimi qəbul edilirdi.
Qadın qladiatorlar cinsi fantaziya obyekti idi, yalnız bellərini bağlayaraq üst paltarları olmadan döyüşürdülər. Tamaşaçılar onların qadın olduqlarını aydın görə bilirdilər. Silahları, qalxanları və zirehləri kişi qladiatorların döyüş alətləri ilə eyni idi. Onlar bir-biri ilə və ya cırtdanlarla vuruşurdular. Qladiatrikslər bəzən çöl donuzu və şir kimi vəhşi heyvanlarla da qarşılaşırdılar.
Əllərində silah tutan yarıçılpaq qadınları seyr etmək kişilərin seksual təxəyyüllərini canlandırırdı. Beləliklə, Roma şəhəri kişilərin seksual fantaziyalarından birinə çevrildi. Qədim Romada gündəlik həyatı nəzərə alsaq, bu, təəccüblü deyildi. Qadınlar başdan-ayağa geyinməli və silahdan istifadə yalnız kişilərə xas idi. Roma cəmiyyətində qadınlar ikinci dərəcəli vətəndaşlar sayılırdı. Onların taleyinə kişilər nəzarət edirdi. Kişilər kiminlə evlənəcəklərinə qərar verirdilər, onların mülklərini idarə edirdilər və məhkəmələrdə qadınların adından danışırdılar. Döyüş yalnız kişilər üçün olduğuna görə qadınlara silaha toxunmaq qadağan edilmişdi. Yuxarı təbəqədən olan bəzi azad ruhlu qadınlar belə sosial normalara etiraz edirdilər. Onlar Roma patriarxiyasına qarşı çıxmaq üçün əllərindən gələni əsirgəmirdilər. Beləliklə onlardan bəziləri qladiatriksə çevrildi. Lakin qadın qladiatorların əksəriyyəti qul idi.
Eramızdan əvvəl 66-cı ildə imperator Nero onu ziyarətə gələn bir kralı heyran qoymaq üçün efiopiyalı qadınların bir-biri ilə vuruşduğu qladiator yarışları təşkil edir. Bir neçə il sonra imperator Titus Flavius Vespasianus (79-81) Kolizeyin möhtəşəm açılışına qadın qladiatorlar arasında duellər əlavə edir. Qadın qladiatorlardan biri hətta bir aslanı öldürür. Bu, yarışın təşkilatçısının hörmətini yüksəldən təsirli bir çıxış sayılırdı.
İmperator Domitianusun (91-96) dövründə qladiator yarışlarına qadınlar arasında döyüşlər də daxil idi. Romada onlar "amazoniyalılar" kimi qələmə verilir, təbliğatları o şəkildə aparılırdı. Roma tarixçiləri daha çox kişilərə diqqət yetirdikləri üçün qadın qladiatorların varlığına dair çox az dəlil var. Lakin Roma ədəbiyyatında qadın qladiatorların da adları çəkilir. Bundan başqa qladiatorların iki vizual təsviri günümüzə qədər gəlib çatıb.
Arxeoloqlar yuxarıdakı relyefi Türkiyədə, Halikarnasda tapıblar. Bu iki qadın döyüşçü Amazonia və Axillea səhnə adı altında döyüşürdülər. Duel amazon kraliçası Penthesilea ilə yunan qəhrəmanı yarımtanrı Axilles arasındakı mübarizənin canlandırılması idi və heç-heçə ilə nəticələnir.
Yuxarıdakı tunc heykəl isə bu gün mövcud olan qadın qladiatorların ikinci əyani sübutudur. Heykəl eramızın 1-ci əsrinə aiddir. Burada yalnız bel paltarı və diz sarğısı taxan yarıçılpaq qadın təsvir edilib. Onun əlində "trakiyalılar" adlanan qladiator sinfində istifadə edilən sica (xəncər) var.
Qladiatrikslər müasir qarışıq döyüş növləri ilə məşğul olan qadın idmançıların Roma versiyası idi. Onlar ekzotik və seksual idilər. Onlar Roma qadınlarından gözlənilənlərin tam əksi idi. Qladriatrikslərin mövcudluğu qadınların itaətkar arvad və qulluqçu olması kimi Roma cəmiyyətinin ən mühüm normalarından bəzilərini təhlükə altında qoyurdu.
Səbuhi Həsənov