Xəbər lenti

Siyasət 16:05 19.07.2023

Qərbi azərbaycanlıların qayıdışı: Proses necə baş verəcək? - Etibar Məmmədov danışır

"Heç nə birdən-birə həll olunmur, proses mərhələli şəkildə öz haqlı sonluğuna çatacaq”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında AMİP lideri Etibar Məmmədov Ermənistandan qovulmuş soydaşlarımızın öz yurdlarına qayıdışı məsələsini beynəlxalq müstəvidə daha geniş aspektdə müzakirə edə bilməməyimizin səbəblərindən danışarkən deyi.

"Bu gün gündəmdə olan əsas məsələ Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməsi məsələsidir. Ona görə də indiki halda ən önəmli məsələ məhz sülhün əldə edilməsidir. Təbii ki, Qərbi azərbaycanlıların da öz doğma el-obalarına qayıtmaq, yaşamaq, məskunlaşmaq hüququ var. Bu işlə məşğul olmaq üçün Qərbi Azərbaycan İcması da yaranıb. Onlar kifayət qədər effektiv fəaliyyət göstərir. Amma məsələ ondadır ki, hər şey birdən-birə həll olunmur, proses mərhələli şəkildə öz haqlı sonluğuna çatacaq”, deyə AMİP lideri bildirib.

Etibar Məmmədov düşünür ki, ilk növbədə tanıtma məsələsində daha ciddi addımlar atmağa ehtiyac var. 

"Xaricdə Ermənistan deyəndə həmin əraziləri tam olaraq erməni ərazisi kimi başa düşürlər. Orada azərbaycanlıların yaşaması barədə xaricdə təsəvvür belə yoxdur. Ona görə də tanıtma istiqamətində ciddi işlər görmək, həmin ərazilərin vaxtilə azərbaycanlıların yaşadığı ərazilər olduğunu beyinlərə yeritmək lazımdır. Ondan sonra da növbəti mərhələdə soydaşlarımızın qayıtmaq hüququnun əldə olunması məsələsi gündəmə gələ bilər”, deyə Etibar Məmmədov vurğulayıb.

Həmsöhbətimizin fikrincə, bu qayıdış baş verəcək, amma uzun müddətli proses olacaq: 

"Qərbi Azərbaycanlıların qayıdışı prosesi bir günə həll olunan məsələ deyil, uzun müddət çəkəcək. Amma əvvəl-axır insanlarımız öz dədə-baba yurdlarına qayıdacaq. Azərbaycanın dövlət olaraq güc və nüfuzunun artması fonunda Ermənistanı sülh müqaviləsinə məcbur edəndən sonra, orada yaşayan yurddaşlarımızın hüquqları məsələsini də qəbul etdirə bilərik”. 

Qeyd edək ki, 2023-cü ilin yanvarın sonlarında Qərbi Azərbaycana Qayıdış Konsepsiyası təsdiq edilib. Burada əsas məsələ Ermənistandan qovulan  soydaşlarımızın öz dədə-baba torpaqalarına qaytarılması məsələsidir. Bunun üçün isə ilk  növbədə beynəlxalq müstəvidə geniş işlər görmək lazımdır. 

Rüfət Sultan


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->