İdman 09:37 04.04.2023

Qırtımov: “Belə oyunu əldən verdiyimiz üçün pis olduq”

Azərbaycan Premyer Liqasının 28-ci turu çərçivəsində "Qəbələ” səfərdə "Sabah”a 2:3 hesabı ilə məğlub oldu. Ancaq buna baxmayaraq, komanda heç də pis çıxış etmədi. Bəs bölgə təmsilçisi rəqibinə nədə uduzdu?

Komandanın təcrübəli üzvlərindən olan Qırtımov oyunla bağlı düşüncələrini Qaynarinfo-ya açıqlayıb:

"Ağır oyun olacağını gözləyirdik. Bizim üçün 4-cü yer uğrunda çox vacib oyun idi. Oyunda üstünlüyümüz vardı, qələbə qazana da bilərdik. Sadəcə, "Sabah”ın ehtiyat oyunçuları çoxdur. Yəni, oyunu gücləndirəcək həm yaxşı futbolçuları var, həm də bizdən daha çoxdur. Bunu unutmalı, "Zirə” ilə matça "ölüm-dirim” kimi baxmaq lazımdır”.

Qırtımov "Sabah”a standart vəziyyətlərdə məğlub olduqlarını bildirdi:

"Xüsusi hazırlıq deyəndə, "Sabah”ın öz dəst-xətti olduğunu bilirdik. Sadəcə, standart vəziyyətlərdə diqqətsizlik etdik və bu səbəbdən qol buraxdıq. Oyuna yaxşı hazırlaşmışdıq. Ara ötürmələrində də çətiniklər yaşayırdıq. "Sabah” standart vəziyyətlərdən daha yaxşı istifadə etdi. Müdafiədəki boşluqlar bütün komandalarda olur. Bunları daha az etməliyik. "Sabah”ın belə səhvlərdən yararlanan futbolçuları var”.

Təcrübəli müdafiəçi məğlubiyyətə rəğmən, komandanın avrokuboklara vəsiqə şansları olduğunu da dedi:

"İnşallah, dördüncü pilləyə qalxarıq. Təkcə, kubokla Avroliqanı düşünmürük. Çempionatda sona qədər vuruşmalıyıq. Gücümüzü ortaya qoymalıyıq. Psixoloji cəhətdən heç bir təzyiq yoxdur. Sadəcə, belə oyunu əldən verdiyimiz üçün pis olduq. Gələn dəfə daha ciddi hazırlaşmalıyıq. Sabahdan məşqlərə başlayacağıq. "Zirə”nin də güclü cəhətlərini bilirik. Hər komandanın zəif tərəfləri olur. Bunlardan istifadə etmək lazımdır”.

Səbuhi Həsənov