Xəbər lenti

Qızıl Qran Pridə güləşçilərimizin son 5 ildəki ən zəif nəticəsi - 17 medal
İdman10:02 28.11.2016

Qızıl Qran Pridə güləşçilərimizin son 5 ildəki ən zəif nəticəsi - 17 medal

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ötən həftə paytaxt Bakı daha bir mötəbər beynəlxalq idman tədbirinə ev sahibliyi edib. Sayca 9-cu dəfə keçirilən Heydər Əliyevin xatirəsinə həsr olunan güləş üzrə Qızıl Qran Pri beynəlxalq turnirinin final mərhələsi artıq ənənə halını alıb. Bu dəfəki yarışı digərlərindən fərqləndirən isə iştirakçı ölkələrin sayının çox olması idi. Belə ki, bu yarışda 49 ölkədən 500-ə yaxın iştirakçı paytaxtımıza təşrif buyurmuşdu. 

Qaynarinfo.Az xəbər verir ki, hər 3 növ güləş yığmaları 7 qızıl, 3 gümüş və 7 bürünc medal əldə etməklə komandamızın aktivinə ümumilikdə 17 medal qazandırıb. 

Yarışın ilk günündə mübarizə aparan sərbəst güləşçilərimiz 3 qızıl, 1 gümüş və 3 bürünc medal olmaqla, ümumilikdə 7 medal qazanıblar. Baş məşqçi əvəzi Firdovsi Umudovun rəhbərliyi altında məşqçilər korpusunun əsasən gənc güləşçilərə şans verdiyini nəzərə alsaq nəticəni qənaətbəxş hesab etmək olar. Qızıl medalları yığmamıza Georgi Edişeraşvili (57 kq), Əhmədnəbi Qvarzatilov (61 kq) və Cəbrayıl Həsənov (74 kq) qazandırıb. Yalnız final görüşündə uduzan Qitinoməhəmməd Hacıyev (70 kq) gümüş medalla kifayətlənib. Bürünc medallar isə Coşqun Əzimov (65 kq), Murad Süleymanov (74 kq) və Aslanbəy Alborovun (97 kq) payına düşüb. 

İkinci yarış günündə mübarizəyə qoşulan qadın güləşçilərimiz yarışı 1 gümüş və 2 bürünc medalla tamamlayıb. Baş məşqçi Semyon Çterevin rəhbərlik etdiyi məşqçilər korpusu da heyətə daha çox gənc güləşçiləri daxil etmişdi. Qadın güləşçilərimizdən Tatyana Omelçenko (60 kq) finala qədər inamla güləşib. Ancaq final görüşündə o, Ukrayna təmsilçisinə uduzub və gümüş medalla kifayətlənib. Bürünc medalları yığmamıza Anjela Doroqan (53 kq) və Alyona Kolesnik (55 kq) qazandırıb. Yığma komandamızın üzvlərindən Elmira Qəmbərova (63 kq) və Elis Manolova (69 kq) isə bürünc medal görüşünü uduzaraq 5-ci yerdə qərarlaşıb.  

Son yarış günündə yunan-Roma güləşiləri arasında qaliblər müəyyənləşib. Baş məşqçi əvəzi Akif Əliyevin rəhbərlik etdiyi məşqçilər korpusunun heyətə daxil etdiyi güləşçilərimiz 4 qızıl, 1 gümüş və 2 bürünc medal olmaqla ümumilikdə 7 medal qazanıb. Qızıl medalları yığmamıza Həsən Əliyev (71 kq), Rafiq Hüseynov (80 kq), İslam Abbasov (85 kq) və Oyan Nəzəriani (130 kq) qazandırıb. Yalnız final görüşündə uduzan Elvin Mürsəliyev (75 kq) gümüş medalla kifayətlənib. Bürünc medallar isə Rövşən Tağıyev (66 kq) və Soltan İsmayılovun (85 kq) payına düşüb. 

9 ilin yekunlarına görə sərbəst güləşçilərimizin qazandığı medalların sayı 86-ya çatıb. Onlardan 26-sı qızıl, 23-ü gümüş, 37-nin əyarı isə bürüncdür. Qadın güləşçilərimiz 9 qızıl, 7 gümüş və 15 bürünc olmaqla ümumilikdə 31 medal qazanıb. Yunan-Roma güləşçilərimizin 9 ildə qazandığı medalların sayı isə 75 olub. Onlardan 28-i qızıl, 19-u gümüş, 28-i isə bürünc əyarlıdır. 

Ötən illərdə keçirilən Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə Qızıl Qran Pri beynəlxalq turnirinin final mərhələsinin nəticələrinə baxdıqda görürük ki, 2008-ci ildə 22 medal, 2009-cu ildə 20 medal, 2010-cu ildə 15 medal, 2011-ci ildə 26 medal, 2012-ci ildə 22 medal, 2013-cü ildə 24 medal, 2014-cü ildə 25 medal, 2015-ci ildə isə 21 medal qazanılıb. 2016-cı il də daxil olmaqla qazanılan ümumi medalların sayı 192 edir ki, bunun da 63-ü qızıl, 49-u gümüş, 80-ni isə bürünc əyarlıdır.

Qaynarinfo.Az