"Huma Quşu" təhsilə yardım fondu Azercell-in dəstəyi ilə həyata keçirdiyi "Qızların STEM-də yüksəlişi” təqaüd proqramının qaliblərini açıqlayıb. Proqram çərçivəsində 10 tələbə qıza təqaüd təqdim olunub.
Qeyd edək ki, layihə Azercell-in "Həyatı daha dolğun edirik: Qadınlara dəstək proqramı” çərçivəsində qalib gəlmiş sosial təşəbbüslərdən biridir. Təqaüd proqramının ilkin mərhələsində 5 tələbənin dəstəklənməsi nəzərdə tutulsa da, iştirakçıların yüksək bilik və potensialı nəzərə alınaraq "Huma Quşu” Fondu tərəfindən əlavə 5 tələbəyə də təqaüd ayrılıb. Layihənin əsas məqsədi informasiya texnologiyaları və kommunikasiya sahələrində təhsil alan gənc qızların bilik və bacarıqlarının inkişafına dəstək olmaq, onların bu istiqamətdə karyera imkanlarını genişləndirməkdir.
2022-ci ildən fəaliyyət göstərən "Huma Quşu” Təhsilə Yardım Fondu bu günədək 40-dan çox tələbənin təhsilinə dəstək verib. Fond istedadlı gənclərin keyfiyyətli təhsilə çıxış imkanlarını artırmağı hədəfləyir.
"Azercell Telekom” MMC təqaüd qazanan tələbələri təbrik edir, onlara təhsil və karyera yollarında uğurlar arzulayır!