Xəbər lenti

QORXULU GECƏ ZƏNGİ...
Ölkə13:23 30.03.2014

QORXULU GECƏ ZƏNGİ...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Əlimi uzatdım sevincə sarı,

Gördüm yox, arada kədər dayanıb.

Atamı səslədim köməyə gəlsin,

Gördüm yox,arada qəbir dayanıb...

                       Vaqif Səmədoğlu 

Heç kimə arzulamadığım bir ifadə, içimdə kədərə köklənən bir hıçqırtı var: ATAM ÖLDÜ!!!

Ürəyimin başını yandıran, zülüm-zülüm ağlayıb, bütün dünyaya hayqırmaq istədiyim bir ifadə var: ATAM ÖLDÜ!!!

Ata(lar) haqqında çox yazı yazmışam, çox düşünmüşəm...amma...bugünkü qədər ATA sözünün nə qədər qüdrətli, atasızlığın nə qədər miskin olduğunu yaşamamışdım. Atam haqqında çox danışmışam, düşünmüşəm, sevmişəm onu...həm də lap çox sevmişəm...Tanıyanlar və görənlər də bilir mənim atam üçün elədiklərimi, gördüklərimi... Amma indi bildim ki, onun üçün nə etmişəmsə, az olub, nə qədər sevmişəmsə, az sevmişəm, nə qədər qulluğunda durmuşamsa az durmuşam... ATAnın haqqı ödənməz...

Dünyada kimsəyə arzulamadığım, heç kəsin dilindən eşitmək istəmədiyim bir acı yaşadım: ATAM ÖLDÜ!!!

Mən ataları vəfat etmiş dostlarıma, qohumlarıma üzləşdikləri valideyn itkisi münasibətilə çox başsağlığı, təsəllilər vermişdim... Təsəlli verməyin nə qədər asan və nə qədər çətin olduğunu bilsəm də,  təsəlli qəbul etməyin də nə qədər ağır və ağrılı olduğunu bu gün özüm yaşadım. Çünki ATAM ÖLDÜ!!!

ÖLÜM - ATALARIN SON İMZASI

Hər kəs bu dünyada qonaqdı, ölüm haqdı. Sadəcə geci, tezi var. Amma hər bir insanın ölümü onun yaxınları üçün bir imzadır. Həm də SON İMZA...Atamın ölümü də övladları üçün bir imza oldu. Həm də ən ağır və son imza... mənim üçün mənə demək istədikləri və dediyi bir imza oldu. Həm də ən ağır imza... o imza ki,  ölümüylə övladlarını başa saldı ki, siz kimin övladısız... Bizim üçün atdığın son ÖLÜM İMZAsının qarşısında baş əyirəm, ATA! 

ATA TƏRBİYƏSİ

Atam uzun müddət rəhbər vəzifələrdə çalışıb. Rüşvətdən, çirkabdan həmişə uzaq olub. Eli, obası üçün yaşayıb, adını tarıxə yazıb. Kəndimiz üçün yol çəkdirməkdən tutmuş, ucqar bir kənddə xəstəxana binasına  qədər tikdirib... Atam mənə Bakıda ev də ala bilərdi, amma almadı... Atam mənə nəinki özümə, hətta atamın özünə belə Bakı şəhərində ev ala bilmək bacarığı qədər tərbiyə vermişdi. Atam mənə Allahın verdiyi müvəqqəti ömür payından dostlara, qohumlara, el-obaya, imkansızlara, əlsiz-ayaqsızlara necə xərcləmək tərbiyəsini vermişdi...

ATA YURDU

ATA YURDUnun nə olduğunu ən böyük tirajlı qəzet səhifələrində yazmışdım, Azərbaycanda, hətta Rusiyada çıxan azərbaycandilli qəzetlərdə. Amma hamını dünyanın dörd bir tərəfindən yığan atamın ölümü mənə bir daha sübut etdi ki, ata yurdu nə imiş... Bəlkə də, atamın cənazəsi son mənzilə yola salınan, üzü Savalan dağına baxan kənddəki evimizin yaraşıqlı pəncərələrinin  miskin görünüşünün də səbəbini elə ora toplaşan izdihamın içində anlayacaqdım ki, o evin, o yurdun sahibi ÖLDÜ...

TƏSƏLLİM

Demək olar ki, bütün ilboyu yanımızda olurdu. Amma ölümü ona agah imiş kimi, heç 20 gün deyildi kəndə - illər boyu qoynunda yaşadığı yurduna getmişdi. Etiraf edim ki, əcəl zorla aldı əlimizdən. Kəndə getməyinə çox etiraz etsəm də, atam özü də əcəllə əlbir oldu. Sanki ürəyinə dammışdı ölümü. Elə hey deyirdi ki, mənim kəndə getməyimə mane olma, ürəyim heç vaxt bu qədər kəndə getmək istəməyib. Getdi və həmişəlik... 

İndi o kənddə bircə təsəllim qalır: Atamın məzarı... Övladlarının and yeri... 

TƏŞƏKKÜR ETMƏK İSTƏDİKLƏRİM

Birinci Yaradana, Allaha təşəkkür edirəm. Ki, sərt iqlimi olan Lerik dağlarında yağan qarı yaz günəşi ilə əvəz etdi. Bu möcüzəli havanı Allahın atama olan hörməti kimi qəbul etdim. Oktyabrda başlayan qarın apreldə bitdiyi Lerik dağlarında 7 gün möcüzəli yaz günəşi Allahın atama olan hədiyyəsi idi. Tanrının hədiyyəsindən gözəl nə ola bilər ki... 

Elimə, obama, atamın dostlarına, öz dostlarıma, jurnalist həmkarlarıma, Amerikadan, İrandan, Rusiyadan, Qazaxıstandan mənə zəng edib təsəlli verən dostlarıma təşəkkür edirəm. Tanrı dostları qorusun!  

QORXULU GECƏ ZƏNGLƏRİ...

Peşə fəaliyyətimlə əlaqədar, ən təhlükəli yerlərdən vahiməli gecə reportajları hazırlamışam, qorxmamışam. Moskvada partlayış baş vermiş binada uçqunların altında qalmış insanları görmüşəm, cəbhədə gecəyarı baş verən atışmanın, odun-alovun içində olmuşam. Düşmənin diversiya qrupu ilə uz-uzə gəlmişəm, yenə də qorxu hissi etməmişəm.

Özümü nə qədər qorxmaz, ürəkli hesab etsəm də, etiraf edim ki, atamın ölüm xəbərini aldığım gecə zəngi məni qorxutdu. 

Daha gecə zənglərindən qorxuram!!! 

ARZULARIN SAHİLİ

Atam həyatda çox  istəklərinə nail olmuşdu. Müəllifi olduğu “Kəndimdən başlayan dünyam” kitabında özü də bunu etiraf etmişdi: “Əslində, bu kitabı yazmaqla, xüsusən də kəndimizin üç-dörd əsrlik tarixini gələcək nəsillərin yaddaşına köçürməklə qismən də olsa, ARZULARIMIN SAHİLİNƏ çıxmışam. Bəlkə, ömrüm uzunu dalğalar qoynunda atılıb-düşən arzu gəmimin sahil istəyidir bu kitabı reallaşdıran səbəb...”

Atamın ürəyi imkan vermədi ki, ARZULARININ SAHİLİNƏ çıxsın...

SON: Atamın oxuya bilmədiyi ilk yazım...

Aqil Alışov