Ekonomiks 16:01 06.09.2022

Qubadlı və Cəbrayılda çoxmənzilli binalar tikiləcək - Prezidentdən fərman

Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin fəaliyyət istiqamətləri genişləndirilir.

Qaynarinfo xəbər verir ki, bu, Prezident İlham Əliyevin fərmanı ilə "Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” fərmanda edilən dəyişiklikdə əksini tapıb.

Fərmana əsasən, müəyyən edilib ki, Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarına əhalinin qayıdışı ilə əlaqədar çoxmənzilli binaların və fərdi yaşayış evlərinin tikintisinin təşkili, bu qaydada tikilmiş çoxmənzilli binaların idarə edilməsi, habelə müvafiq ərazidə abadlaşdırma, yaşıllaşdırma və mənzil-kommunal təsərrüfatı sahələrində fəaliyyət göstərən publik hüquqi şəxs olacaq. Bundan əvvəl Xidmət sadəcə Zəngilan rayonuna əhalinin qayıdışı ilə əlaqədar çoxmənzilli binaların və fərdi yaşayış evlərinin tikintisinin təşkili, bu qaydada tikilmiş çoxmənzilli binaların idarə edilməsi, habelə müvafiq ərazidə abadlaşdırma, yaşıllaşdırma və mənzil-kommunal təsərrüfatı sahələrində fəaliyyət göstərən publik hüquqi şəxs idi.