
"Neftçi"nin sabiq vitse-prezidenti Tahir Süleymanov dolayı yolla AFFA rəhbərliyini, daha dəqiq desək, baş katib Elxan Məmmədovu tənqid edib.
Qaynarinfo.Az xəbər verir ki, o, Elxan Məmmədovun "Neftçi"nin Müşahidə Şurasının yeni icraçı direktor Elnur Eyvazovun işlərinə müdaxilə edilməməsinə dair göstəriş verməsini iddia edib və bunu pisləyib:
"Məsləhət görürlər ki, Müşahidə Şuraları 3 aydan bir yığışmalı, qlobal məsələləri həll etməlidir. Deməli, havadarlar tərəfindən göndərilən "icraçılar" qlobal işlər görərək, 0:8 biabırçılığı baş verənə qədər gözləməlidirlər...
"Neftçi"də məlum qərarlardan sonra qəribə açıqlamalar baş verir. Çingiz Abdullayev müşahidə etməkdə davam etməliymiş...
Əvəzolunmaz kadr siyasətinin "məhsul"u olan icraçı direktorun göndərilməsi, kənarlaşdırılması təşviş doğurub və ideoloqların yuxusuna haram qatıb. "Neftçi"nin Müşahidə Şurası kimlərəsə sərf etmir artıq. Hörmətli Müşahidə Şurası, sizə məsləhət görülüb ki, 3 aydan bir stadiona gəlin, kababınızı yeyin, çayınızı için, 0:8-ə feyziyab olun və gedin. Bank imza sənədlərinə məsul (!), prezident səlahiyyətlərini yerinə yetirən icraçı direktorun işinə qarışmayın. Min əziyyətlə qurulmuş "sistem"i pozub milləti oyatmayın. Havadarlar çox narahatdır. Olmaz belə.
Artıq Müşahidə Şurası, daha doğrusu, Çingiz Abdullayev sərf etmir. İcraçı direktor və klubda gedən proseslər ifşa olunmamalıydı..."
Tahir Süleymanov həmçinin Elxan Məmmədovun AFFA prezidenti Rövnəq Abdullayevin oğlu Rəşad Abdullayevin Müşahidə Şurasının sədri olduğu "Səbail" klubuna təsir göstərə bilməməsinə də eyham vurub: "Çingiz Abdullayevə "məsləhət" verənlər divizon klubunun Müşahidə Şurasının sədrinə də 3 aydan bir stadiona gedib qlobal məsələlərin həlli ilə məşğul olmağı məsləhət verə biləcəklərmi?! O klubda da icraçı direktor var axı... Düşünmək sizdən, müşahidə etmək bizdən".
Qaynarinfo.Az