
Xorvatiya yığmasının və Yunanıstanın "Panatinaikos" klubunun sol cinah oyunçusu Daniyel Pranyiçin Qaynar.info saytına müsahibəsi
- Azərbaycan üzərində qələbə qazanacağınızı gözləyirdiniz. Amma olmadı...
- Bəli, biz qələbə üçün bura gəlmişdik. Ancaq alınmadı. 1 xal bizi qane etməsə də, 0:0 heç-heçəyə razılaşmalı olduq. İndi qarşıdakı Norveçlə oyuna köklənəcəyik.
- Osiyek şəhərində 0:6 uduzmuşduq. Bakıda isə qrup lideri ilə bərabərə qaldıq. Azərbaycanın indi daha yaxşı təsir bağışladığını deyə bilərik?
- Əlbəttə. Azərbaycan yığması indi daha fərqli komandadır. Bizə qarşı yaxşı müdafiə olundular. Tamam fərqli bir oyun oldu. Çətin matç keçdi. Bütün komandanız yaxşı oynadı. Əks-hücumlar qurmağa çalışdılar. Hətta bir neçə qol vurmaq şanslarınız da oldu.
- Fransız baş hakimin qərarları səni qane etdi?
- Yox!
- Millimizi çalışdıran Robert Prosineçki haqda nə deyə bilərsən?
- Prosineçki Xorvatiyanın dahi futbolçularından olub. O özü texnikalı futbolçu olub və yeni komandasına da bu oyunu sərgilədir. Son 3 rəsmi matçda komandanızın uduzmaması da onun nailiyyətlərindən biri kimi qəbul edilməlidir.
- "Bavariya"da oynayarkən səni sol cinah yarımmüdafiəçisi kimi görmüşük. Ancaq millimizə qarşı müdafiəçi kimi oynadın...
- Mən bütün mövqelərdə - mərkəzdə də oynaya bilirəm. Klubumda yarımmüdafiədə, millidə isə müdafiədə çıxış edirəm.
- 2 həftə bundan əvvəl də "Panatinaikos"la Bakıda bu stadionda meydana çıxdın. Onda da 0:0 qeydə alınmışdı. Nəticədə "Qəbələ" mərhələ keçən tərəf oldu. Deyəsən, Bakıda bəxtin heç gətirmir...
- (gülür) Klubla yığma oyunları fərqli olur. Düşünürəm ki, 3-cü dəfə Bakıya gələrkən bu tilsimi qırmalıyam.
Səbuhi TOFİQOĞLU