
Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov APA-ya müsahibə verib.
Qaynarinfo.Az xəbər verir ki, Novruzov ötən il Bakıda keçirilmiş Avropa Oyunları zamanı Avropa Parlamentinin çıxardığı qərardan narazılıq bildirib:
"Ötən il bizdə Avropa oyunları, bu il Braziliyada Olimpiada keçirildi. Bizdəki təşkilatlanma, oyunlar zamanı təhlükəsizliyə fikir verin, bu il Braziliyada baş verənlərə baxın. Braziliyada küçədə soyulmayan, döyülməyən turist qalmadı. Hətta bizdə keçirilən Avropa Oyunlarının təşkilatçılıq səviyyəsi dünyada nümunə kimi götürüldü. Amma Avropa Parlamenti belə bir oyunları keçirdiyimiz zaman götürüb bir qərar qəbul etdi ki, Azərbaycana heç kim getməsin. Birincisi, BMT-nin müvafiq qətnaməsi var ki, idman siyasətdən ayrıdır. İkincisi, gəlin iştirak edin, baxın, görün. Axı bu, idmandır. İdman sülh yaradır, ayrı-seçkilik yox.
Xatırlayırsınızsa, Böyük Vətən müharibəsi zamanı Ukrayna SSR-nin “Dinamo" (Kiyev) futbol klubunun üzvlərini almanlar əsir götürmüşdü. Almanlar öz klublarının onlarla yoldaşlıq görüşünü təşkil edib, oyun zamanı müharibəni bir kənara qoydular. O hara, Azərbaycana oyunlar zamanı göstərilən münasibət hara? Ötən il Avropa Parlamentində də bu qərarın verilməsinə kim rəhbərlik etdi? Milliyyətcə alman olan Şults! Buna deyən lazımdır ki, sən get öz dövlətçilik tarixinə bax, sonra gəl bizlə ədalətdən dəm vur. Sənin dövlətin Almaniya bəşəriyyətinə başına iki dünya müharibəsini gətirib. Holokost kimi soyqırıma “imza atıb”. 40 milyondan çox insanın qanı onların əlinə bulaşıb. Onlardan biri də elə mənim babamdır. Öldürdülər, qəbrini də tapa bilmədik ki, gedib bir gül qoyam. Buna görə almanlardan çox yanıqlıyam! Və yaxud Türkiyəni 1915-ci ildə guya ermənilərə qarşı soyqırımı törətməkdə ittiham edirlər. Bunlar unudurlar ki, həmin vaxt Almaniya Türkiyə ilə müttəfiq idi və əgər elə soyqırımı olubsa, deməli burada Almaniyanın da əli var. İndi bu dövlət bizə haqq-ədalətdən dərs keçir. Bilirsiniz, hər şeyə ədalətli yanaşmaq lazımdır".
Qaynarinfo.Az