
AFFA-nın Lisenziya Komissiyasının bugünkü qərarına görə, "Rəvan" və "Xəzər Lənkəran" klubları növbəti mövsüm Azərbaycan Premyer Liqasında çıxış etmək üçün lisenziya qaydalarını yerinə yetirə bilməyiblər. Lakin hər 2 kluba mayın 30-dək lisenziya qaydalarını yerinə yetirmək üçün vaxt verilib.
Qaynarinfo.az xəbər verir ki, dünən "Qarabağ"ın II heyətinə qalib gəlməklə sonuncu pillədən canını qurtaran "Rəvan"ın Premyer Liqada qalmaq şansı "Xəzər Lənkəran"a nisbətdə öz əlindədir. Bunun üçün mayın 20-də son turda "Xəzər Lənkəran"la minimum heç-heçə etmək kifayət edir.
Ancaq hələ mövsümün ortasında Nuru Əliyevin sahibi olduğu "Rəvan" klubunun dağılacağı söhbətləri gəzişirdi. Lakin indi deyəsən, vəziyyət dəyişib. Belə ki, klubun vitse-prezidenti İlqar Axundov da saytımıza açıqlamasında qarşıdakı 15 gün ərzində lisenziya məsələsini yoluna qoymağa çalışacaqlarını bildirdi: "Lisenziya tələblərini yerinə yetirmək üçün 5 meyar mövcuddur. Biz də bu meyarlara cavab verməmişik. Təbii ki, bunlardan biri maliyyə tələbi ilə bağlıdır. Hazırda maddi baxımdan çətinliyimiz olduğundan, bank zəmanəti məsələsini yoluna qoya bilməmişik. Çalışacağıq ki, bu müddətdə bu məsələni həll edək. Klub rəhbərliyi də növbəti mövsümdən Premyer Liqada qalmaqda maraqlıdır".
PFL prezidenti Ramin Musayev açıqlamasında "Rəvan"ın yenidən Salyana qayıtmasını istədiklərini bildirib. Bu məsələ ilə bağlı fikir öyrəndikdə Axundov belə cavab verdi: "Gəlin, hələ tələsməyək. Arxı tullanmamış hop deməyək. Əvvəl lisenziya məsələsi yoluna qoyulsun, sonra bu məsələ barədə düşünərik".
Qaynarinfo.az