
Xorvatiya millisinin və Madrid "Real"ının mərkəz yarımmüdafiəçisi Luka Modriç Azərbaycanla qolsuz bərabərə qaldıqları matçdan sonra yerli jurnalistlərə müsahibə verib.
Qaynar.info-nun əməkdaşının da iştirak etdiyi bu müsahibədə Modriç ilk öncə oyun haqqında fikirlərini bildirib.
- Biz bu gün qələbə qazana bilərdik. Zərbələrimiz dəqiq olmadı. Son anda yekun zərbəni vura bilmədik. Oyun ərzində dəyişikliklər etsək də, alınmadı. İndi növbəti oyunumuza köklənəcəyik. Norveçlə oyunda 3 xal qazanıb burda itirdiyimiz xalları sığortalamağa çalışacağıq.
- Ola bilərmi ki, siz əsas gücünüzü Norveçlə matça saxlamışdınız deyə, belə problemlə üzləşdiniz?
- Yox. Elə bir şey yoxdur. Əksinə bu oyunda qələbə qazanmalıydıq ki, Osloya yaxşı əhval-ruhiyyədə yollanaq. Sadəcə, sizin komandanızın müdafiə xəttinin də yaxşı oynadığını qeyd etməliyik. Azərbaycan 1 xala layiq idi.
- Sənə görə, Azərbaycan yığmasında gecənin ən yaxşı oyunçusu kim idi?
- Komandanız bütövlükdə yaxşı təsir bağışladı. Konkret kimisə fərqləndirməzdim.
- Robert Prosineçki haqda nə deyə bilərsən. O, sizin komandanı əla tanıyırdı. Bəlkə sizi yaxşı incələməyinin nəticəsi idi ki, Bakıdan qələbə ilə qayıda bilmirsiniz?
- Onu deyə bilərəm ki, Prosineçki gəlişi ilə Azərbaycana səviyyəli oyun gətirib. İndi komandanız rəqibindən çəkinmir, daha rahat oynaya bilir. Biz bu gün bunu meydanda gördük. Düşünürəm ki, Prosineçkinin yığması əvvəlki məşqçinin millisindən daha yaxşıdır.
- Dariyo Srnanın yoxluğunda ilk dəfə kapitan kimi Bakıda meydana çıxdın. Ancaq 71-ci dəqiqədə "İnter"in yarımmüdafiəçisi Martselo Brozoviçlə əvəzləndin. Əvəzlənməyin nə ilə bağlı idi? Zədə almışdın, yoxsa?
- Yox, Allaha şükür ki, zədə almamışdım. Sadəcə, bu, baş məşqçinin qərarı idi. Əvəzlənməyimdə xüsusi bir şey yoxdur...
Səbuhi TOFİQOĞLU