Xəbər lenti

"Azərbaycan himnini kirillcə yazdılar, mən isə öyrəndim" - Millimizin üzvü
İdman13:34 16.02.2016

"Azərbaycan himnini kirillcə yazdılar, mən isə öyrəndim" - Millimizin üzvü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Yaxınlarda Ukraynanın paytaxtı Kiyevdə güləşçilər arasında beynəlxalq turnir keçirilib. Qadın güləşi üzrə turnirdə millimizin şərəfini qoruyan ukraynalı Mariya Stadnik qalib adını qazanıb. O, finalda zədəli olduğu üçün meydana çıxmayan Aleksandra Koqutla mübarizə aparmadan çempion elan edilib.

Qaynar.info xəbər verir ki, Ukraynada olmuşkən segodnya.ua saytı 48 kq çəki dərəcəsində dünya və Avropa çempionu olmuş 27 yaşlı Stadnikdən müsahibə götürüb. Həmin müsahibəni ixtisarla təqdim edirik.

- Nə dərəcədə Azərbaycan bayrağı ilə özünüzü təsəvvür etməyə öyrəşmisiniz?

- Özümün bütün əsas yarışlarımı Azərbaycan üçün keçirmişəm. Düzü, mən Ukrayna üçün çıxışlarımı heç xatırlamıram. Zarafat edirəm, əlbəttə, hamısı yadımdadır. Azərbaycanın sayəsində özümü idmançı kimi göstərməyi bacardım. Ukraynada məni yığmaya buraxmırdılar... Mənim finalda qarşılaşmalı olduğum idmançıya (Aleksandra Koqutu nəzərdə tutur - red.) Olimpiadaya düşməyə şans vermədilər... Yalnız İrina Merleni getdi və digər idmançıların iştirakı barədə məsələ qapandı. Bizə hətta şəxsi qarşılaşmalar keçirməyə də imkan verilmədi. Onun artıq adı vardı, mənimsə yox. Deyirdilər ki, guya "gözlə, gözlə, məşq et, şansın olacaq", mənsə gözləyə-gözləyə 2 uşaq doğmuşdum. İdman həyatı qısadır, ona görə də mənə seçim etmək lazım idi. Gənc və tam güclü olmuşkən öz istedadımdan yararlanmalıydım. Beləcə mən Azərbaycanı seçdim.

- Ukraynada tez-tez olursunuz?

- Vaxtımın çox hissəini Ukraynada, Lvovda oluram. Burda uşaqlarım və ailəm var. Azərbaycanda toplanışlar zamanı orda oluram. Mənə fərdi qrafik veriblər. Lvovda qadın güləşi çox inkişaf edib. Ümumiyyətlə, Ukrayna güləş üzrə qabaqcıl ölkələrdən biridir. Lvovda indi ən güclü məktəb var, əvvəl bu, Donetskdə olub, ancaq təəssüf ki... Güləşdə əsas rəqiblərdir. Bu, yüngül atletika deyil ki, hara rahatdırsa, ora qaça biləsən. Azərbaycanda güləş gəncdir, müsəlman ölkəsidir, yalnız indi-indi qızlar yetişir. İndi hamı bilir ki, qadın güləşi nə olan şeydir. Müsəlman adətlərinə baxmayaraq, uşaqlar bu idman növünə yazılırlar. Mənim sayəmdə. Medalları qazanmağa başladım, adamlar da maraqlandılar. Azərbaycanda Ancelina Coli oldum (gülür). Məni hamı tanıyır. Qadın güləşi haqda nəsə soruşsanız, sizə dərhal Mariya Stadniki deyəcəklər! Onlar üçün bütün qız güləşçilər Mariya Stadnikdir. Məni orda həqiqətən sevirlər və mənim Azərbaycandan şikayətlənməyə haqqım yoxdur.

- Bəs qızların güləşçi olmalarına orda əvvəlcə necə reaksiya verdilər?

- Oy, onlar bizi ciddi qəbul etmirdilər... Bu gün isə artıq hamı ciddi olub. Biz hər yarışdan medal gətiririk. İndi artıq fəxrlə deyirlər ki, onlarda güclü qadın güləşi var.

- Azərbaycan himninin sözlərini bilirsiniz?

- İlk hissəsini öyrənmişdim! Qərara gəlmişdim ki, Avropa Oyunlarında qalib olsam, bu ölkəyə hörmət olaraq himni dəqiq oxuyacağam. Kirillcə sözləri yazdılar, mən isə öyrəndim. Fikrimcə, bunu eşidən azərbaycanlılar çox güldülər. Sadə ifadələri bilirəm, məsələn, "necəsən", nuş olsun". Daha çətin sözləri də başa salmaq mümkündür (gülür). Ümumiyyətlə, orda miqrantlar çoxdur, ona görə də küçələrdə əsasən rusca danışırlar.

- Miqrantlardan söz düşmüşkən. Azərbaycan yığmasında çoxlu ukraynalılar var, məsələn, gimnast Oleq Stepko. Onunla tanışsınız?

- Avropa Oyunlarında tanış olduq. Biz atletlər kəndində idik, orda Ukrayna dilində nəsə dedim, o isə mənə baxdı. Rəfiqəmə dedim: "Bax, hansısa anormal bizə gözünü zilləyib". Gülümsündük. Sonra gördük ki, o bizi başa düşür (gülür). Mənə yaxınlaşdı: "Bəli, mən də Ukraynadanam". Onun imici qanster imicində idi. Çox zarafatcıl oğlandır. Azərbaycan prezidenti bizi qəbul edəndə, Oleq zarafatlarından qalmırdı. Mən də gülüb xahiş edirdim ki, pərt olmamaq üçün zarafatlarını saxlasın (gülür). Öz situasiyası haqda mənə danışıb. Londonda komanda şəklində III yeri tutublar, lakin sonra yaponların etirazından sonra onlara IV sıranı veriblər...

- Sizə prezident nə dedi?

- O hələ ki mənim olimpiya qızılı qazanmağımı gözləyir. Güləşi o sevir. Dedi ki, məni hələ Pekin-2008-dən bəri izləyir.

- Azərbaycanda öz mülkünüz var?

- Bəli, Pekin Olimpiadasından sonra mənə Bakıda mənzil hədiyyə etdilər, təmirli ev idi. Çox istəyirdilər ki, orda qalım və güləşi daha da inkişaf etdirim. Biz tez-tez ailəmlə orda oluruq.

- Yerli mətbəxdən nə hazırlamağı öyrənmisiniz?

- Oy, yox. Mən Ukrayna mətbəxindən yalnız xırda şeyləri hazırlaya bilirəm. Ona görə yox ki bacarmıram və ya istəmirəm, sadəcə mənim buna vaxtım yoxdur. Evdə olanda, qaynanam yeməyi hazırlayır. Azərbaycan mətbəxini isə sevirəm. Xüsusən də "şirin" plovu. Onda kişmiş, şabalıd və ət tikələri olur. İnanılmaz dadlıdır! Səfərdə olan vaxt həmişə plov yeməyə gedirik.

Qaynar.info