"Neft hasilatının dondurulması ilə bağlı hər hansı bir addım gülünc səslənir".
Bu sözləri Qaynar.info-ya açıqlamasında REAL İdarə Heyətinin üzvü, iqtisadçı ekspert Natiq Cəfərli Rusiyanın energetika naziri Aleksandr Novak aprelin 17-də Qətərin paytaxtı Dohada keçiriləcək Neft İxrac edən Ölkələr Birliyinə (OPEK) üzv və qeyri-üzv ölkələrin toplantısından əvvəl görüşmək məqsədilə energetika naziri Natiq Əliyevə zəng etməsinin əsas məqsədinə münasibət bildirərkən deyib.
Natiq Cəfərli
Natiq Cəfərlinin sözlərinə görə, neft hasilatının dondurulmasından söhbət gedə bilməz: "Onsuz da neft hasilatımız azalır. İlin əvvəlindən indiyə qədər keçən ilin müvafiq dövrünə nisbətən hasilat azalıb. Yəni nəinki yerində qalmır, hətta azalır. Ona görə də, hasilatın dondurulması ilə bağlı səslənən fikirlər gülünc səslənir. Sadəcə, Azərbaycanın da orda olması, bu müqaviləyə imza atması piar xarakteri daşıyır. Desinlər ki, növbəti neft ölkəsi də buna imza atdı. Bu nöqteyi-nəzərdən ruslar Azərbaycanı da dəvət edib və ölkəmizin iştirakını təmin etməyi düşünür. Əslində Azərbaycan hasilatı dondurmaqla bağlı heç bir addım atmayacaq. Çünki ata da bilməz. Hasilatımız azalır".
Ekspert bildirib ki, burda əsas yük Səudiyyə Ərəbistanı ilə Rusiyanın üzərinə düşür: "Həmin görüşdə iştirak edən ölkələrin ümumi hasilatının 80 faizini bu ölkələr verir. Maraqlı məqam ondan ibarətdir ki, dondurulma yanvar ayının 12-dəki səviyədə olmalıdır. Həmin vaxt həm Ərəbistan, həm də Rusiyada hasilat bir həddə olub. Rusiyada 10.3 milyon barrel, Səudiyyə Ərəbistanında isə 10.4 milyon barrel... Yəni eyni səviyyəyə endirsələr, neft bazarında azalmaya səbəb olmayacaq".
Qafqaz Rafiqoğlu
Qaynar.info