
Almaniyanın "Volfsburq" klubunu yenicə Milan "İnter"inə dəyişmiş cinah hücumçusu İvan Perişiç Azərbaycan - Xorvatiya oyunu barədə fikirlərini bildirib.
Qaynar.info xəbər verir ki, 26 yaşlı futbolçu əvvəlcə yeni klubu ilə Milan derbisinə çıxmasından, Zaqreb "Dinamo"sundan icarəyə götürülmüş həmyerlisi Martselo Brozoviçə görə özünü İtaliyada tənha hiss etməməsindən danışıb.
Daha sonra Perişiç Bakıdakı oyun haqda fikir bildirib. Onun sözlərinə görə, Azərbaycan yığmasına erkən qol vurmaq lazımdır: "Klubdan sonra yığmaya köklənmək heç də asan olmayacaq. Ancaq düşünürəm ki, Azərbaycanla matç yaxşı keçəcək. Biz mümkün olduğu qədər ilk qolu erkən vurmalıyıq, sonra gec ola bilər. Onlarla ilk oyunumuzdan tamamilə fərqli matç olacaq.
İvan Bakıda isti, bu matçdan 3 gün sonra Osloda sərin havanın onları gözlədiyini də bildirib: "Ümid edirəm ki, biz hər 2 matçda qalib gələcəyik. Azərbaycanda bizi hazırlıq keçmək üçün uyğun olmayan isti hava gözləyir. Norveçdə isə özümüzü hava baxımından evdəki kimi hiss edəcəyik. Biz beynimizdə bu oyunlara yaxşı köklənməliyik. 2 qələbə Bolqarıstan və Malta ilə oktyabrdakı oyunlara kimi hər şeyə aydınlıq gətirəcək".
Qeyd edək ki, dünən gecə ölkəmizə gələn Xorvatiya yığması bu gün saat 20:00-da Bakıda - 8-ci km qəsəbəsindəki stadionda məşqə çıxacaq. Azərbaycan - Xorvatiya oyunu isə sabah saat 21:00-da başlayacaq.
Qaynar.info