Xəbər lenti

"Azərbaycanda çempionatın səviyyəsi iqtisadi böhrana görə düşüb" - Dani Kintana
İdman15:11 27.04.2016

"Azərbaycanda çempionatın səviyyəsi iqtisadi böhrana görə düşüb" - Dani Kintana

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Qarabağ"ın ispaniyalı yarımmüdafiəçisi Dani Kintana ölkəsinin tintaamarilla.es saytının əməkdaşı Manuel Borreqoya müsahibə verib.

Qaynarinfo.az xəbər verir ki, tam adı Daniel Kintana Sosa olan futbolçu Polşada "Yaqelloniya" və Səudiyyə Ərəbistanında "Əl-Əhli" klublarının şərəfini qoruduqdan sonra Azərbaycana üz tutmasından danışıb:

"Qarabağ" mənimlə ötən yay (2014-ün yayını nəzərdə tutur - red.) əlaqə qurmuşdu, ancaq həmin vaxt transfer qiymətim çox baha idi. Sonra mən Səudiyyə Ərəbistanına getdim. Ancaq orda elə alındı ki, 6 aydan sonra sərbəst futbolçuya çevrildim. Lakin ötən mövsümün əvvəlində həm Polşada, həm də Səudiyyə Ərəbistanında oynadığımdan, 3-cü klubda oynamağım mümkünsüz idi. "Qarabağ" isə məni yenidən xatırladı və mənə təklif göndərdi. Beləcə mən Azərbaycana getdim".

29 yaşlı futbolçu Azərbaycan Premyer Liqası haqda danışıb: "Azərbaycan çempionatı rəqabətədavamlıdır, istənilən komanda sizə qarşı hücumda oynayır və qələbə qazanmaq elə də asan olmur. Bununla belə, çempionatın səviyyəsi iqtisadi böhrana görə bir az düşüb. Ancaq ümumilikdə çempionatın yaxşı səviyyəsi var və bunun göstəricisi kimi, bu mövsüm Avropa Liqasına 2 komandanın vəsiqə qazanmasını göstərmək olar".

Kintana Azərbaycanda ispan futbolçuların adaptasiya prosesini çox rahat keçməsinin səbəbini də izah edib. O, "Barselona"nın sabiq futbolçusu İvan Benitesin Azərbaycanda oynamasının (qışda "İnter"dən ayrılıb - red.) ona uyğunlaşmada kömək etdiyini bildirib: "Biz ispanlar Azərbaycana rahat uyğunlaşırıq. Bu da öz dilində danışan kimisə asanlıqla tapmağımızla bağlıdır. Mən bir neçə ölkədə oynamışam və böyük fərqlər tapa bilməmişəm. Əlbəttə, fərqli mədəniyyətlər və dinlər var, ancaq diqqətlə baxsanız, orda da sizə lazım olan cəhətləri görə bilərsiniz".

İspan futbolçu cari mövsüm 11 qola imza atıb. Bu isə o deməkdir ki, onu ən yaxşı bombardir olmaq üçün "Zirə"nin salvadorlu hücumçusu Nelson Bonilyadan 3 top ayırır. Lakin Kintana əsas hədəfinin qol vurmaq yox, komanda oyunu göstərmək olduğunu qeyd edib: "Məndə peşəkar səviyyədə konkret qol hədəfi yoxdur. Meydana çıxıram və hər oyunda ən yaxşı oyunumu göstərməyə çalışıram. Bu düzdür ki, əsas kollektivin uğurudur. Klub hər il Avropa səhnələrində bu oyun illüziyasını göstərir. Avropada biz ən yüksək səviyyədə rəqabət apara bilərik... Ən yaxşı bombardir olmaq barədə danışmağım tamamilə gülməlidir. Mən hücumçu deyiləm, karyerama hücumameyilli yarımmüdafiəçi mövqeyində başlamışam. Bu üzdən bu mövsüm bacardığımdan da çox qol vurmuşam".

Kintana "Qarabağ"la ilk dəfə avrokubok həyəcanı yaşadığını, ailəsinin 6 min km-dən çox uzaqda olan doğulduğu Las-Palmas şəhərində yaşadığını, Azərbaycanda hansı çempionatlara marağın olmasından da danışıb: "Avrokuboklarda "Qarabağ"la debüt etməyim məndə təcrübə yaratdı. Biz hər tərəfi futbol azarkeşləri ilə əhatələnmiş stadionlarda oynadıq. Məhz buna görə də klub hər il bu yarışlarda iştirak etmək istəyir... Ailəm mənim yoxluğumu hiss edir. Uzun müddətdir ki, onları evdə tək qoymuşam. 16 yaşdan mən Valensiyaya getmişəm. Əlbəttə, mən onlarla hər gün danışıram və indi anam mənimlə bir neçə gün Azərbaycanda qalacaq. Burda insanlar İngiltərə və İspaniya çempionatlarını izləyir. Əlbəttə, şəxsən mən "Las-Palmas"ın oyunlarını diqqətdə saxlayıram. Onların cari mövsüm göstərdikləri çıxışdan fəxr duyuram. Bu komandada əsl Kanar adalarına uyğun insanların ruhları var".

Qaynarinfo.az