
Futzal üzrə Hollandiya millisinin baş məşqçisi Marsel Losveld Azərbaycan yığması ilə görüş haqqında danışıb.
Qaynar.info xəbər verir ki, hollandların 1:5 hesabı ilə yenildiyi görüş haqqında Losveld bunları deyib:
"Biz çoxlu qol vurmaq imkanları yaratdıq, şanslarımız oldu. Çox yaxşı hücum oyunu göstərdik. Fasiləyədək hər şey olduqca yaxşı keçdi. Yalnız qol vurmaq lazım idi. Rəqib olduqca təhlükəlidir və biz onların qarşısını ala bilmədik. İndi biz aprelin 12-dəki oyunda taktikamıza baxmalıyıq. Yekun hesabı xeyrimizə etməliyik. Bu, real görünmür. Ancaq istənilən halda biz dünya çempionatına çıxmaq üçün çalışacağıq".
Qeyd edək ki, millimiz ilk dəfə bu ilin payızında Kolumbiyada keçiriləcək dünya çempionatında iştirak etməyə yaxındır. Kolumbiya və son çempion Braziliyadan başqa, Avstraliya, İran, Tailand, Özbəkistan, Vyetnam, Argentina, Paraqvay və Solomon adalarının komandalarının mundialda iştirakı dəqiqləşib. Avropadan 7, Afrikadan 3 və Şimali/Mərkəzi Amerika və Karib hövzəsindən 4 komanda dünya birinciliyində oynamaq imkanı əldə edəcək.
Qaynar.info