Xəbər lenti

"Azərbaycanla görüşdə yalnız qələbə haqda düşünürük" - Eliu Souza
İdman08:45 04.05.2016

"Azərbaycanla görüşdə yalnız qələbə haqda düşünürük" - Eliu Souza

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Sabahdan Bakıda 17 yaşadək futbol millilərindən ibarət Avropa çempionatı start götürəcək.

Qaynarinfo.az xəbər verir ki, A qrupunda Azərbaycan millisi saat 20:00-da Portuqaliya ilə oyunla turnirə start verəcək. Bu gün isə A qrupunda mübarizə aparacaq komandaların baş məşqçiləri "Bulvar" oteldə mətbuat konfransı keçirib. Məşqçilərin fikirlərini diqqətinizə çatdırırıq.

Təbriz Həsənov (Azərbaycan): "Rəqiblərimizi salamlayıram və onlara uğurlar arzulayıram. Bizim kollektivə gəlincə, zədəlilərimiz qayıdıb. Hazırda tam heyətlə məşq edirik. Komandam qarşıdakı oyuna hazırdır. Tribunalardan böyük dəstək gözləyirik. Bu dəstək motivasiya baxımından komandamıza əlavə güc qatacaq. Ajiotajla bağlı verilən suala gəlincə, şəhərdə bu hiss olunur. Sabahkı rəqibimiz Portuqaliyanın oyunlarına baxmışam. Güclü komandadır, texnikalı və sürətli oyunçuları var. Onlar turnirin favoritlərindən biridir. Buna baxmayaraq, ilk oyunda qələbəyə köklənmişik. Qarşımıza qrupdan çıxmaq tapşırığı qoymuşuq. Hər oyuna qələbə üçün çıxacağıq. Bütün fikirlərimiz yalnız uğur üstündə qurulub".

Eliu Souza (Portuqaliya): "Bu turnirdə iştirak edən bütün komandalarda böyük təzyiq var. Ümid edirəm ki, bu təzyiqi oyun zamanı üzərimizdə hiss etməyəcəyik. Azərbaycan yığmasını yüksək qiymətləndirirəm. Yaxşı rəqibdir. Buna baxmayaraq, yalnız qələbə haqda düşünürük. Görək, futbolçularım özlərini yerli azarkeşlərin təzyiqi altında necə aparacaqlar. Biz bu istiqamətdə uşaqlarla işləmişik".

Skot Qemmill (Şotlandiya): "Bizimlə qarşılaşmazdan əvvəl Azərbaycanın Portuqaliya və Belçikaya qarşı oyunlarını görmək imkanımız olacaq. Yığmanızın oyununu bu matçlardan sorna təhlil edəcəyik və onlarla necə oynayacağımızı müəyyənləşdirəcəyik. Meydan sahiblərinə uğurlar arzulayıram. Düz qeyd edirsiniz ki, mən "Lester Siti"də çıxış etmişəm. Onların çempion olmasını istəyirdim. Çünki buna layiq idilər. Sonda da buna nail olduqları üçün çox sevindim".

Tyerri Sike (Belçika): "İlk dəfədir ki, Azərbaycandayam. Azərbaycanla oyunumuz 2-cidir. Hazırda Şotlandiya ilə oyunu düşünürük. Məhz bundan sonra Azərbaycanı öyrənməyə çalışacağıq".

Qaynarinfo.az