
Məlum olduğu kimi, bu gün Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisi (U-21) Avropa çempionatının seçmə mərhələsi çərçivəsində rusiyalı həmyaşıdları ilə qarşılaşacaq.
Qaynar.info xəbər verir ki, dünənki oyun öncəsi son hazırlıqdan sonra Rusiya U-21-nin yeni baş məşqçisi Nikolay Pisarev və Moskva "Lokomotiv"inin yarımmüdafiəçisi Aleksey Mirançuk yerli jurnalistlərə fikirlərini bildirib.
Nikolay Pisarev: "Biz yalnız qələbəyə köklənmişik. Futbolçuların çoxu öz klublarında oyun praktikası toplayır ki, bu da bizi çox sevindirir. Ona görə də onların funksional durumunu çox yaxşı qiymətləndirirəm. Onlar emosionaldırlar, hamısı gənc uşaqlardır və hamısı oynamaq istəyir. Ən əsas başağrımız kimin oynayıb, kimin ehtiyatda olacağını müəyyənləşdirmək olacaq. Çünki hamı mübarizə üçün can atır. 2 gün ərzində burda yağış yağmasına baxmayaraq, bizi yüksək keyfiyyətli qazon çox təəccübləndirdi. Ümid edirik ki, camaat bizə azarkeşlik etməyə gələcəklər. Burda çox yaxşı vəziyyət var. Rostovun klubu da yüksəlişdədir, şəhər futbolla yaşayır. Azərbaycan və Almaniya ilə matçların keçirilmə yerinin seçimi bu səbəbdəndir".
Aleksey Mirançuk: "Azərbaycanla matça hazırlaşmaq üçün çox da vaxtımız olmadı. Ancaq ümid edirəm ki, bizə ayrılmış müddətdə yaxşı hazırlaşmışıq və qarşıdakı matçda əla oyun göstərəcəyik. Başqa cür ola da bilməz! "Olimp-2"də qazon əladır. Rostov-na-Donudakı hava yaxşıya doğru düzəlir. Azərbaycan komandası 5 müdafiəçi ilə oynayır. Belə müdafiəni yarmaq çox çətindir, ancaq bunun üzərində çalışmışıq. Biz təxmini bilirik ki, necə hərəkət etmək lazımdır və bunu oyunda sınayacağıq".
Qeyd edək ki, Rusiya - Azərbaycan görüşünü polşalı Tomaş Musial idarə edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.
Qaynar.info