
19 yaşadək futbolçulardan ibarət millimiz (u-19) Monteneqronun paytaxtı Podqoritsada yerli yığma ilə qarşılaşıb və hesabda geridə düşdüyü oyunda əzmkar qələbə qazanıb - 3:2.
Qaynar.info xəbər verir ki, Monteneqro U-19-unun baş məşqçisi Aleksandar Milyenoviç bu görüş barədə fikirlərini bildirib:
"Yekun nəticəyə baxmayaraq, düşünürəm ki, biz yaxşı oynadıq. Bu sözlərim xüsusən də qarşılaşmanın ilk hissəsinə aiddir. Biz həmin dəqiqələrdə üstün oynayırdıq, hətta qol vurduq və bir neçə yaxşı imkanları əldən verdik. İkinci hissədə də hücumlarımız vardı. Ancaq azərbaycanlılar daha konkret oynadılar və bizim səhvlərimizdən yararlandılar. Çox qısa müddətdə qollar buraxmağımızın səbəbi ilk dəfə son müdafiə xəttimizin bir yerdə oynamasıdır".
Qeyd edək ki, Savo Vuyoviçin idarə etdiyi görüşdə meydan sahiblərindən qolu Vladan Kordiç (8-ci dəqiqə) və Filip Vorotoviç (56) vurub. Millimizdən isə Murad Xaçayev (53) və Rövlan Muradov (57, 68) fərqlənib.
Qaynar.info