
Hollandiya Kral Futbol İttifaqı yerli futbol tarixində ilk dəfə danışılmış oyunun olduğunu açıqlayıb.
Qaynar.info xəbər verir ki, danışılmış oyunda bizə tanış olan Syerra-Leone millisinin sabiq müdafiəyəmeyilli futbolçusu İbrahim Karqbonun iştirak etdiyi təsdiqlənib.
Belə ki, 2009-cu ilin avqustun 9-da keçirilən Hollandiya çempionatının "Utrext" - "Villem II" matçında ikincilərin heyətində çıxış edən Karqbo danışılmış oyunda iştirak edib. Afrikalı futbolçu sinqapurlu dələduz Uilson Rac Perumalla əlaqədə olub və bu matçda "Villem II"nin 1 topdan çox fərqlə uduzacağı üçün əlindən gələni edəcəyini bildirib. Bunun üçün Karqbo "Villem II"nin kapitanı və qapıçısı Maykel Arts və adı açıqlanmayan bir komanda yoldaşını da bu işə qol qoymağa razı salıb. Bunun üçün hər 3 futbolçuya 25 min avro çatacaqmış.
Lakin "Utrext" 1:0 qalib gəlib. Halbuki hesab 1 topdan çox olmalıydı. Bu üzdən yerli federasiya artıq karyerasını bitirmiş 39 yaşlı Arts və digər oyunçunun günahını sübuta yetirə bilməyib. Lakin Karqbo artıq həbsdə olan sinqapurlu cinayətkarla sövdələşməsi sübuta yetirildiyi üçün həm FİFA, həm də UEFA tərəfindən oyunlardan diskvalifikasiya edilib.
Onu da bildirək ki, Karqbo 2 il əvvəl kapitanı olduğu öz millisinin 2008-ci ildə CAR-la keçirilən və 0:0 hesabı ilə başa çatmış matçında da danışılmış oyunda günahlandırılıb. Həmin danışılmış oyunda onunla bərabər daha 3 futbolçu ittiham olunurdu. Bunlardan biri "Rəvan" və AZAL-da çıxış etmiş Samuel Barlay idi. Bu 4 futbolçu o vaxtdan millidən kənarlaşdırılıb.
Qeyd edək ki, "Malatyaspor"un sabiq futbolçusu İbrahim Karqbo 2006-2010-cu illərdə "Villem II"də çıxış edib. Karqbo məhz ondan sonra 3 il "Bakı" klubunun formasını geyinib. Hazırda 33 yaşı olan Karqbo ötən mövsüm Portuqaliyanın "Atletiko" klubunda hazırda "Sumqayıt"da çıxış edən Amit Quluzadənin komanda yoldaşı olub.
Qaynar.info