Yayda heyətinə 5 yeni oyunçu qatan "Beşiktaş" dayanmaq bilmir. Qaynar.info Türkiyənin "Vatan" qəzetinə istinadən xəbər verir ki, bir mərkəz müdafiəçisi və qapıçı axtaran "ağ-qaralar" "Mançester Yunayted"in ispaniyalı "çərçivə" qoruyucusu Viktor Valdeslə anlaşıb.
Luis van Qalın argentinalı Serxio Romero və ispaniyalı David de Xeadan sonra 3-cü qapıçı kimi gördüyü 33 yaşlı əlcək sahibi "Beşiktaş"a havayı başa gələcək. Çünki İngiltərə klubu 1 illik müqaviləsinin qalmasına rəğmən, Valdesə sərbəst futbolçu statusu verəcək.
"Beşiktaş" Valdesə ilinə 2 milyon avro maaş olmaqla 2+1 illik müqavilə təklif edib. "Beşiktaş" rəhbərliyindən sızan xəbərə görə, futbolçu ilə danışıqlar avqustun 31-dək davam edəcək. Ancaq Britaniyanın məşhur "Skay Sports" telekanalı son dəqiqə xəbəri kimi dünən Viktor Valdesin "Mançester Yunayted"lə anlaşdığı xəbərini tamaşaçılarına çatdırıb. Bu da qısa müddət ərzində sosial mediada ən çox danışılan mövzulardan biri olub. Bununla belə, UEFA Avropa Liqasının rəsmi "Facebook" hesabı "Beşiktaş"ın Viktor Valdeslə anlaşdığını yayıb.
Qeyd edək ki, katalon olan Viktor Valdes 2002-2014-cü illər ərzində "Barselona"nın əsas komandası ilə bütün turnirlərin qalibi olub. O, ötən il dizindən aldığı zədəyə görə, "Barselona"dan "Mançester Yunayted"ə keçməli olub. Lakin Valdes Mançester təmsilçisinin əsas komandasında cəmi 2 oyuna çıxıb.
Qaynar.info