Xəbər lenti

"Bir də belə hal olarsa, müqaviləyə xitam veriləcək" - Elxan Məmmədov
İdman09:06 01.09.2015

"Bir də belə hal olarsa, müqaviləyə xitam veriləcək" - Elxan Məmmədov

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

AFFA-nın baş katibi Elxan Məmmədov bu gün jurnalistlərin suallarını cavablandırıb.

Qaynar.info-nun əməkdaşının iştirak etdiyi brifinqdə Məmmədov bəzi məsələlərə aydınlıq gətirib.

O, bu gün "Bulvar Hotel Bakı" ilə bağlanan sponsorluq müqaviləsinin müddətinin 3 illik olduğunu və bundan sonra tədbirlərinin adıçəkilən məkanda təşkil olunacağını bildirib. O həmçinin yığmanın sentyabrın 3-də Xorvatiya millisi ilə keçirəcəyi rəsmi oyun haqda da danışıb: "Xorvatiya qrupun favoritlərindəndir. Çətin oyun olacaq. Çalışacağıq ki, güclü rəqibimizə qarşı layiqli mübarizə aparaq".

Baş katib həbsdə olan yığmanın üzvü Cavid Hüseynovla bağlı verilən sualı isə belə cavablandırıb: "İstintaq başa çatmamış AFFA bu məsələ ilə bağlı heç bir quruma müraciət etməyəcək. Təbii ki, Cavid son vaxtlar çox əla formada idi. Robert Prosineçki bütün oyunlarda ona şans verirdi. Hazırda istintaqın başa çatmasını və çıxarılan məhkəmənin qərarını gözləyirik. Məhz bundan sonra öz fikrimizi rəsmi şəkildə bildirəcəyik".

Məmmədov Olimpiya stadionu ilə bağlı suallara da aydınlıq gətirib: "Bildiyiniz kimi, UEFA-nın öz meyarları var. Xüsusilə bu meyarlardan biri media tribunası ilə bağlıdır. Bu stadionda media sektoru atletika oyunları üçün nəzərdə tutulmuşdu. İndi həmin sektorun mərkəzə keçirilməsi üzərində iş gedir. 5 gün bundan əvvəl stadionun qazonu da yenilənib. Burda ilk olaraq 21 yaşadək millimizin oyununu keçirməyi düşünürük".

Daha sonra AFFA rəsmisi ölkə futbolunda başlıca problemə çevrilən qazon məsələsinə toxunub: "Tofiq Bəhramov adına Respublika stadionunun qazonunun durumu bizi də düşündürür. Bununla bağlı qazona məsuliyyət daşıyan şirkətin əməkdaşlarını Bakıya dəvət etmişik və onlara son xəbərdarlığımızı bildirmişik. Bir də belə hal yaşanarsa, onlarla müqaviləmizə xitam veriləcək".

Qaynar.info