
Futboldan 8 il müddətinə kənarlaşdırılan FİFA-nın sabiq prezidenti Zepp Blatter maraqlı açıqlamalar verib.
Qaynar.info xəbər verir ki, UEFA-nın sabiq prezidenti Mişel Platini ilə onun işinə ABŞ tərəfindən baxılması heç də təsadüfi deyil.
79 yaşlı mütəxəssis bildirib ki, Fransa prezidenti Nikolya Sarkozi Platinidən 2022-ci ildəki dünya çempionatının (DÇ) keçirilmə yeri kimi ABŞ-a səs verməsini xahiş edib. Lakin o bundan vaz keçib.
Blatteri dinləyək: "Dünya çempionatını satın ala bilməzsiniz. Nə qədər siyasi gücünüz olursa olsun, bunun sonu olacaq. DÇ-2022 üçün Platini mənə zəng vurub dedi: "İndi dövlət başçısı ilə görüşüm olub və məndən Fransanın maraqları naminə hərəkət etməyimi xahiş edib". O çox nəzakətli idi, mənə zəng vurmuşdu və dedi ki, amerikanların xeyrinə səs verməyəcək. Bilirdim ki, səsvermədə problem ola bilər. Problem olmaması üçün çalışdıq, amma bunun üçün çox gec idi. Seçkilərə 1 həftə və ya 10 gün qalmışdı. ABŞ 4 səslə uduzdu".
Blatter və Platini bu həftə İsveçrənin Sürix şəhərində verilən cəza hökmlərindən apellyasiya şikayəti verəcək. FİFA-nın sabiq prezidenti bildirib ki, İsveçrə müstəntiqləri FİFA-da istintaq aparandan sonra onların bir-birləri ilə danışmaq imkanı olmayıb: "FİFA-nın İcraiyyə Komitəsinin iclasından sonra Platini ilə əlaqəm olmayıb. Biz İsveçrə polisi tərəfindən bir otaqda saxlanılanda ondan soruşdum: "Sən onların bizdən nə istədiyini bilirsən? O "yox" dedi. Sonra onlar gördülər ki, biz bir-birimizlə danışırıq, bizi ayırdılar. Daha sonra başa düşdüm ki, niyə onlar bizi görmək istəyirmişlər. Orada əlaqə, telefon, heç nə olmayıb".
Fevralın 26-da Sürixdə FİFA-nın yeni prezidenti seçiləcək. Blatter isə hər şeyin ədalətli olacağına inanır. O, barəsində veriləcək hökm dəyişilməsə, İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edəcək: "Bu dünyada ədalət olduğundan əminəm və cinayət sayılacaq heç bir hərəkət etməmişəm. Heç kimi öldürməmişəm, bank soymamışam, heç bir yerdən pul almamışam və hətta bütün sabiq qız dostlarıma qarşı yaxşı rəftar etmişəm. Bu həqiqətdir. Qız dostlarım mənə dəstək verirlər. Mənim cəmi bir neçə aylıq evli olduğum qız dostum da məni müdafiə edir".
Qeyd edək ki, Zepp Blatter əvvəlki açıqlamasında bildirmişdi ki, bəzi dairələr DÇ-2018-in Avropada, DÇ-2022-nin Şimali Amerikada - ABŞ-da keçirilməsini istəyirmiş. Ancaq DÇ-2018-in Rusiyada keçirilməsi qərara alınsa da, DÇ-2022 ABŞ-da yox, Qətərdə baş tutacaq.
Qaynar.info