Xəbər lenti

"Bizdən medal tələb olunsa, biz də idmançıdan tələb edəcəyik" - Nazir
İdman10:36 21.11.2016

"Bizdən medal tələb olunsa, biz də idmançıdan tələb edəcəyik" - Nazir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün Milli Olimpiya Komitəsində Təhsil Nazirliyi, eləcə də Gənclər və İdman Nazirliyi ilə birgə yeni memorandumun imzalanma mərasimi keçirilib.

Qaynarinfo.Az xəbər verir ki, Təhsil naziri və eləcə də Azərbaycan Badminton Federasiyasının prezidenti Mikayıl Cabbarov olimpiya hərəkatında iştirak edən məktəblilərin sayının 100 minə çatdırılacağını bildirib: "Son illər futbol və şahmatın inkişafına dair dövlət proqramlarını işləyib hazırlamışıq. Bizim məktəblərdə 1,4 milyona yaxın şagird təhsil alır. Onların gələcək sağlam həyat tərzinin maarifləndirilməsi üçün geniş imkanlar var. Düşünürəm ki, biz bu istiqamətdə də çalışa bilərik".

Gənclər və idman naziri Azad Rəhimov isə 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında iştirak edən idmançıların təkrar dopinq testi nəticəsində qadağan olunmuş preparatdan istifadə etdiyi bildirilən yunan-Roma güləşçisi Vitali Rəhimovun gümüş medalının qaytarılması ilə bağlı danışarkən bunları deyib: "Vitali Rəhimovla bağlı məsələnin arxasında nələrin olduğunu araşdırmalısınız. Mən bu məsələyə sadəcə fikir bildirə bilərəm. Hər bir idmançının qərardan apellyasiya vermək hüququ var. Biz də onun tərəfdarıyıq. Qanında prob B tapılıb, bu da çox ağırdır. Vitali isə bu dərmanı qəbul etmədiyini, buna məcbur olunmadığını da deyib. Bizim güləşdə bu dərmanı qəbul etməyə ehtiyac da yoxdur. Çünki heç bir effekt vermir. Həmin məhsulun idmançının qanına necə düşdüyü ilə biz də maraqlanırıq. Hər bir idmançıya inanırıq. Digər tərəfdən isə prob B açılıb. Həmişə olduğu kimi, Dünya Anti-Dopinq Agentliyinə suallar daha çoxdur. Bu suallar da qalmaqdadır".

O, idmançının olimpiya medalını qaytarmaqda vasitəçi ola bilməyəcəyini də deyib: "Sadəcə, bizdən medal tələb olunsa, biz də idmançıdan tələb edəcəyik. Biz Beynəlxalq Olimpiya Komitəsinin tabeliyindəyik. Ali qurum medalı qaytarmağı tələb edərsə, bunu etməliyik. Bu məsələdə heç bir mübahisə ola bilməz".

A.Rəhimov güləşçinin olimpiya medalı qarşılığında dövlət və MOK-dan aldığı pul mükafatının geri alınmayacağını da əlavə edib: "Çünki mən Vitalinin bu medalı böyük zəhməti hesabına qazandığına inanıram. Onun "Pekin-2008"dəki çıxışı indiyədək də gözümüzün qabağındadır. O, medala layiqdir".

Qaynarinfo.Az