Xəbər lenti

"Bizimlə düşdüyünə görə "İnter"in bəxti gətirmədi" -"Atletik"in müdafiəçisi
İdman11:14 07.08.2015

"Bizimlə düşdüyünə görə "İnter"in bəxti gətirmədi" -"Atletik"in müdafiəçisi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İspaniyanın "Atletik" (Bilbao) klubunun mərkəz müdafiəçisi Eymerik Lyaport jurnalistlərə müsahibə verib.

Baskəsilli fransalı mərkəz müdafiəçisi Qaynar.info saytının əməkdaşının verdiyi sualları da cavablandırıb.

- Avroliqanın III təsnifat mərhələsi çərçivəsində "İnter"lə qolsuz bərabərə qalmaqla Avroliqanın pley-off mərhələsinə vəsiqə qazandınız. İki oyunun yekununa əsasən "İnter" haqqında nə deyə bilərsiniz?

- Əlbəttə, "İnter" zəif rəqib deyil. Sadəcə bəzi çatışmazlıqları üzərində işləməlidirlər. Məsələn, biz onları fiziki cəhətdən üstələyirdik. Bu komandanın bəxti də gətirmədi. Çünki bizim kimi güclü komanda ilə düşdülər. Biz isə növbəti mərhələyə çıxmağı qarşımıza məqsəd qoymuşduq və buna da nail olduq.

- Oyun ərzində bir neçə real qol şanslarınızı əldən verdiniz. Bu, Bakıya arxayın gəlməyinizdən, ilk matçdakı 2:0 hesablı qələbədən doğan özünəəminlikdən irəli gəlirdi?

- Biz cavab matçında "İnter"dən başqa cür oyun gözləyirdik. Fikirləşirdik ki, "İnter" burda daha hücumameyilli oyun göstərəcək və biz də bundan yararlanıb rəqib komandanın qapısına yol tapacağıq. Ancaq "İnter" daha çox müdafiəyə, qapısının toxunulmazlığına fikir verdi. Ona görə də bizə qol vurmaq çox çətin oldu. Bu üzdən Bakını qol vurmadan tərk edirik.

- Bilbaodakı ilk oyunadək bu komanda haqqında hansısa bilgilərə malik idiniz?

- "İnter"lə düşənədək həm Azərbaycan, həm də "İnter" haqqında xüsusi bilgilərimiz yox idi. Ancaq "İnter"lə düşəndən sonra ölkəniz və klubunuz haqda məlumatlar topladıq.

- Baş məşqçiniz Ernesto Valverde mətbuat konfransında bildirdi ki, "Qarabağ"ın "Seltik"lə matçını izləyib. Siz də bu matça baxmağa getmişdiniz?

- Yox, bu matça məşqçilər heyəti baxmağa getmişdi. Onda futbolçular oteldə idi. Ona görə də bu matç haqqında bilgiyə malik deyiləm.

- Azərbaycandan hansı təəssüratla ayrılırsınız?

- Şəhəri az da olsa gəzmək imkanımız oldu. Bakının gözəl və təmiz olduğunu gördük. Bu bizi yaxşı mənada təəccübləndirdi. Süni örtüklü meydançada və belə isti havada oynamağa da öyrəşməmişdik.

Səbuhi Tofiqoğlu

Qaynar.info