
Ötən gün MDB ölkələrinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolay Bordyuja Ermənistanın Ermənistan-Azərbaycan sərhədindəki təxribatını dəstəkləyib.
O, Dağlıq Qarabağdakı terrorçu rejimi də "Dağlıq Qarabağ Respublikası" adlandırıb. N.Bordyujanın KTMT-nin rəsmi saytında yerləşdirilmiş rəsmi bəyanatı saytımızda dərc olunmuşdu.
Nikolay Bordyujanın yaydığı bəyanatla bağlı deputat Aydın Mirzəzadə Qaynarinfo.Az-a bildirdi ki, MDB ölkələrinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibinin bəyanatı şəxsi provakasiya xarakteri daşıyır:
"Təşkilat adından bəyanat verərkən mütləq təşkilat üzvlərinin ümumi fikrini bildirməlidir. Bu hərbi blokun altı üzvündən beşi Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Bordyuja isə öz bəyanatında separatçı rejimin adını çəkib və ona hüquqi don geyindirməyə çalışır. Digər tərəfdən, Ermənistan-Azərbaycan sərhəd xəttində baş verənlər barəsində Azərbaycan Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyi tərəfindən müfəssəl məlumat verildi. Belə olan halda digər ölkələrin mövqeyini öyrənmədən Azərbaycanı təşkilat adından qınanması Bordyujanın səlahiyyətindən aşmasıdır. Onun ermənipərəst mövqe tutması, daima hərbi bloku Ermənistanın mənafeyinə xidmətə yönəltmə cəhdləri əvvəlcədən bizə məlumdur. Ancaq səlahiyyət müddəti başa çatan ərəfədə belə bir addım atması yolverilməzdir".
Aydın Mirzəzadə qeyd etdi ki, Nikolay Bordyujanın bəyanatına yönəlik Azərbaycan tərəfi zəruri addımlar atır:
"Artıq Azərbaycan tərəfi bununla bağlı, diplomatik demarş nümayiş etdirdi. Bəyanat verilib və bu gün Milli Məclisin sədri parlamentin iclasında bildirdi ki, Azərbaycan XİN-i bununla bağlı KTMT-yə üzv olan ölkələrin xarici işlər nazirliyinə müvafiq müraciət göndərib. Göründüyü kimi, Ermənistan Azərbaycana qarşı bütün sahələrdə provakasiya etməyə çalışır. Digər ölkələri də özünün avantürasının müəllifi etmək istəyir. Ancaq bütün səylərinə baxmayaraq, Ermənistan yenə də təklənir və bu təklənmə özünün maraqlarını ciddi zərbə vurur".
Pərvin Zeynal
Qaynarinfo.Az