
4 gün əvvəl Azərbaycan həndbolununun acınacaqlı durumunu əks etdirən bir açıqlamanı saytımızda əks etdirmişdik. Gələn il Bakıda keçiriləcək İslam Həmrəylik Oyunlarına salınmış kişilərdən ibarət həndbol millimizin üzvü Kamran Məmmədov verdiyi şok açıqlamalarla diqqəti öz üzərinə çəkmişdi. O verdiyi açıqlamada kişi həndbolunun qadınlara nisbətən daha da pis vəziyyətdə olduğunu, maksimum 130 manat maaş aldıqlarını, yığmanın bəzi üzvlərinin artıq mənasız Gürcüstan səfərinə getməkdən imtina etdiyini, oyun praktikalarının olmamasından danışmışdı.
Qaynarinfo.Az xəbər verir ki, sport7.az bu məsələni davam etdirmək qərarına gəlib. Bu dəfə millimizin digər 3 üzvünü danışdırdıq. Danışıq əsnasında məlum oldu ki, sabiq iqtisadi inkişaf naziri Heydər Babayevin rəhbərlik etdiyi həndbol necə həvəskar formadadır. Belə ki, kişi həndbolçuları qadınlardan fərqli olaraq, klublardan pul almır, ümumiyyətlə müqavilə əsasında oynamırlar, yalnız aylıq federasiyadan pul almağa məhkumdurlar. O da yuxarıda qeyd etdiyimiz kimi, maksimum 130 manat... Beləliklə, millimizin digər 3 üzvünün fikirlərini eşidək.
Saleh Vəliyev (Gürcüstanın "İmedi" komandasının üzvü): "Həndbolda problemlər çoxdur, qadın həndbolunda da var, kişi həndbolunda da. Sadəcə kişi həndbolunda vəziyyət daha bərbaddır və acınacaqlı durumdadır. Qarşıdakı İslamiadaya 6 ay qalıb, gözünü bağlayıb açacaqsan, İslamiada başlayacaq. Amma belə vəziyyətdə necə oynayacağıq, heç kim bilmir. Biz öz ölkəmizdə oynayacağıq. Öz bayrağımıza, adımıza görə yaxşı çıxış edib nəticə vermək istəyiriksə, mütləq nəyisə dəyişmək lazımdır. Nəyisə dəyişmək nəzərdə tutanda ən başlıcası federasiya prezidenti postuna Heydər Babayevin əvəzinə başqa bir adam gətirilməlidir. Başqa birisi gəlsə, bəlkə onda nəyəsə nail ola bilərik. Belə vəziyyətdə biz çətin nəsə edə bilərik. İslamiada qurtaracaq, bəs sonrası? Sonrasını da fikirləşmək lazımdır axı. Cavan nəsil yetişdirmək lazımdır. Buna da vəsait lazımdır. Amma hardan? Heç yığma komandaya vəsait tapılmır. Qəpik-quruş alır uşaqlar. Komandaya cəmi 1500 manat pul ayrılır. O da bölunür 14-16 nəfər idmançıya. Mən 500 manat maaş alsaydım, heç gedib Gurcustanda oynayardım indi? Qalardım ölkəmdə, uşaqlarla bir məşq edib hazırlaşardım İslamiadaya. Amma gedib Gürcüstanda oynayıram, həm də burda hazırlaşıram İslamiadaya. Keçən ay isə ümumiyyətlə uşaqlara maaş verilməyib. Belə də olmaz axı. Biz 1000-2000 manat maaş tələb edirik ki? 300-400 manat da bəsdir ki, uşaqlar gəlsin həvəslə məşq etsin, oyunlara yaxşı hazırlaşsınlar. Bizə oyunlar lazımdır, amma pul olmasa, məşqə kim gələr ki? İslamiadaya hazırlaşmaq üçün gərək hər hansısa turnirlərdə ən azı 25-30 oyun oynayasan. Yalnız Gürcüstana gedirik oyunlara. Böyuk uşaqlar gəlmək istəmir çox vaxt. Elələri olur ki gəlmir də. Onları da başa düşürəm. Gürcüstana nə qədər getmək olar axı? Yaxşı ki keçən ay Rusiyaya (Astraxana) getdik. Böyük uşaqlar da getmişdi. Özümüzü komanda kimi hiss etdik orda. Bizə bax belə oyunlar, turnirlər lazımdır ki, təcrübə toplayaq. Vaxtı ilə Gürcüstan bizdən həndbol öyrənirdi. Nəinki Gürcüstan, İranın özu elə 10 il bundan qabaq bizdən öyrənirdi. Bizim idmançılar gedib oranın çempionatında iştirak edirdilər, həndbolu qaldırırdılar. Son 10 il ərzində İran həndbolu elə inkişaf etdi ki, ötən il dünya çempionatının final mərhələsində oynadılar. Çünki federasiyaları başladı işlər görməyə, vəsait ayırmağa və bunun da bəhrəsini gördülər. Amma biz kişilər heç seçmə mərhələ oyunlari oynamırıq. Qadınlara pul ayrılır, onlar turnirlərdə iştirak edirlər, həm yığma, həm də klub kimi. Amma kişilər 1 dəfə Astraxanı çıxmaq şərti ilə, son 6-7 ildə heç bir beynəlxalq turnirdə iştirak etməyib. Son beynəlxalq yarış 2009-cu ildə olub. Amma qadınlar ildə 5-6 dəfə turnirlərdə iştirak edirlər".
Üzeyir Səlimov ("Təhsil" komandasının üzvü): "Mənim 32 yaşım var. 17 yaşımdan milli komandanın üzvüyəm. Üstündən 15 il keçsə də, eyni söhbətlər gedir, heç bir dəyişikliklər olmayıb. Biz qabağa getməkdənsə, arxaya gedirik. Gürcüstandakı turnirə mən və çoxları getməyib. Adam var ki, işdən icazə ala bilməyib. Amma gedən olub. Mən indidən sonra uzağı 8 il - 40 yaşıma kimi oynayaram. Ancaq həndbolda nə edəcəklərsə, indidən əvvəl etməli idilər. Hansı ki potensiallı oyunçularımız olan vaxt. Ötən mövsüm AZAL klubunda çıxış etmişəm. Bu mövsümdən yəqin ki "Təhsil" adından oynayacağam. Ancaq heç federasiyada neçə komandanın mübarizə aparacağı, Azərbaycan çempionatına və Bakı kubokuna nə vaxt start veriləcəyi dəqiq bilinmir. Ötən il 3-4 komanda ilə çempionat keçirildi. Eyni komandalarla oyun keçirməkdən bezmişik. Mənim 19 yaşım olanda Rusiya Super Liqasında çıxış etmişəm. Həmin klub o vaxtlar VI-VII yerlərdə gedirdi. Onların Super Liqasında 12 komanda çıxış edirdi. Hər həftə azı 2-3 oyun keçirirdik. 1 mövsüm ərzində orda 90 oyuna çıxmışdım. Amma bizdə ildə heç 20 oyun keçirmirik. Əgər biz bu qədər oyun keçirəcəyiksə, həndbolçu necə inkişaf etsin?! Bu 15 ildə həndbolda 130 manatdan çox pul almamışıq. Ona görə də həndbol bizdə həvəskar formaya düşüb. Hamı ac qalmamaq üçün başqa iş tapır. Mən də tikinti işçilərini yeməklə təmin edən bir şirkətdə alış meneceri vəzifəsində çalışıram".
Elnur Hüseynzadə ("Təhsil" komandasının üzvü): "Problemimiz maddi durumla bağlıdır. Hər şeyin bu vəziyyətə gəlib düşməyinin səbəbi budur. Qadın həndbolunda 2 legionerə verilən pul bizdə 1 komandaya verilir - 1500 manat. O da adambaşına oyunçudan asılı olaraq 70-130 manat edir. Mən maksimum 120-130 manat almışam. O da "cek-pot" kimi bir şey olub. Bizdə mükafatdan ümumiyyətlə söz gedə bilməz. Klubdan maaş almırıq, yalnız yığmadan. Ümumiyyətlə, klubla cəmi 1 dəfə, həndbola başlayarkən - 2003/04 mövsümündə müqavilə bağlamışam. Onların adından çıxış edirik. Ancaq şərtlərimizdə onlardan pul almaq yoxdur. Yığmada isə maaş veriləcəyi deyilib. Bizi belə yönləndiriblər. Psixologiyamız belə olub ki, yığmada oynayıb, federasiyadan da maaş alacağıq. Heç bizim qarnımızın da ağrısı olmayıb ki, klubdan maaş istəyək. Belə deyək də: klubda yetişmişik ki, gedib yığmada oynayaq. Məntiqi cəhətdən götürsək, klubdan maaş almalıyıq. Futbolda belədir, ancaq həndbolda heç vaxt biz belə şey görməmişik axı. Həndbolumuzun tarixində belə bir şey olmayıb. İçi mən qarışıq hamı maaşı yığmadan alıb... Əziyyətimizi yerə vururlar. Nə qədər səbir etmək olar? Artıq səbirdən keçib. Sonuncu dəfə 2011-ci ildə Maltada keçirilmiş Challenge Trophy turnirində iştirak etmişik. Finalda uduzmuşduq. Bəlkə də həmin oyun Azərbaycan həndbolu tarixinə düşüb. Qalib olsaydıq, növbəti mərhələyə vəsiqə qazanacaqdıq. Həmin turnirdə mən də, Kamran Məmmədov (Alxasov) da ən yaxşı oyunçu seçilmişdik. Ötən il də Kosovodakı turnirdə iştirak etməli idik. Ancaq Azərbaycan Kosovonun müstəqilliyini tanımadığı üçün ora gedəsi olmadıq. Bir sözlə, sonuncu dəfə keçirdiyimiz rəsmi oyun 5 il əvvəl olub".
Sonda onu da qeyd edək ki, millimizin məşqçisi Eldar Fərəcov da redaksiyamıza zəng vuraraq danışmaq istədiyini bildirsə də, onunla əlaqə qurmaq mümkün olmadı. Hər halda mövzunu yenidən diqqətdə saxlamağa çalışacağıq.
Qaynarinfo.Az