
"Sosial şəbəkələrin fəaliyyətini tənzimləyən qanun layihəsi təşəbbüsü müzakirədə qalsa yetərlidir. Ortaya çıxarsalar biyabır olarıq".
Bu sözləri Qaynarinfo.Az-a açıqlamasında media üzrə ekspert, hüquqşünas Ələsgər Məmmədli Azərbaycanda internet resursları, o cümlədən sosial şəbəkələri, bloggerlərin fəaliyyətini tənzimləyən qanun layihəsinin hazırlanması təklifinə münasibət bildirərkən deyib.

Ələsgər Məmmədli bildirib ki, Milli Məclisə bu qanun təklif olunması da problemdir: "Deputatlardan sonra, sektor müdürləri də qanun təklif edir. Bu da ayrı bir problemdir.Çünki qanun layihəsi barədə prezident, Baş prakrorluq, deputatlar təklif verə bilər. Sektor müdirünün bununla bağlı fikirləri təəsüfedicidir".
Ekspert qanun layihəsinin hazırlanması təklifinin yanlış addım olduğunu vurğulayıb:
"Birinci növbədə sosial şəbəkələrin fəaliyyətinin tənzimlənməsi təşəbbüsü çox ciddi yanlışların davamıdır. Bu yaxınlarda cinayət məcəlləsində 148-1 qoyaraq sosial şəbəkələrdə anonim məlumata görə insanların cəzalandırılması nəzərdə tutulurdu. İndi isə bunu hansısa qanunla tənzimləmək istəyirlər. Qeyd edim ki, demokratik ölkələrin heç birində belə bir qanun yoxdur. O baxımdan "dünyanın hamsı bu tənzimləmədən istifadə edir" fikri yanlış informasiyadır. Bəli dünyada Çində, Koreyada, İranda bu cür tənzimləmələr var. Amma biz bu dövlətlərin heç biri olmaq istəmirik. Bu dövlətlər Avropa Şurasının üzvü deyilsə, deməli biz özümüzü bunların heç biri ilə müqayisə etməməliyik. Biz müqayisəmizi 47 Avropa ölkəsindən biri olaraq digər 46-ı ilə aparmalıyıq".
"İkincisi, praktik olaraq bu mümkün deyil. Çünki sosial şəbəkələr virtual mühitdir. Bu mühitdə isə sərhəd yoxdur. Virtual mühit də Azərbaycan ərazisi sayılmır. Azərbaycan ərazisi o vaxt sayılır ki, o "Az " domenində olsun. Təbii ki "Az" domenində sosial şəbəkə yoxdur. "Facebook", "WhatsApp", "Twitter" və digər sosial şəbəkələrin tənzimlənməsini düşünürlərsə, onun "Az" domeni olarsa tənzimləyə bilərlər. "Com" olan domen Amerikada yerləşir. Bu da təbii ki, Amerika qanunları ilə tənzimlənir. Dolayısı ilə siz Amerikada fəaliyyət göstərən bir təşkilata hansısa işi "gör" və ya "görmə" deyə bilməzsiniz. Bu praktikada mövcud deyil".
Ələsgər Məmmədlinin fikrincə, bu qanunla insanları ancaq fərdi olaraq təqib etmək olar:
"Bu da əlbəttə ki, böyük təhlükə yaradacaq. O baxımdan bu təşəbbüslər müzakirədə qalsa yetərlidir. Ortaya çıxarsalar biyabır olarıq. Əgər doğrudan da Azərbaycanın imicinə zərbə vurub, qara siyahıya salmaq istəmiriksə bu cür təşəbbüslərdən uzaq gəzilməlidir. Onsuz da nifrətli çıxış, bu və ya digər formada şəxsi həyata qəsd olsun, diplomatik ifadələr və. s sosial şəbəkə üzərindən olsa da qanunla qadağandı və qanunumuz bunu tənzimləyir. Kim deyirsə sosial şəbəkə qanunsuz mühitdi, orda məhdudiyyət və ya məsuliyyət yoxdur, bu tamamilə yanlışdır. O adamlar açısın özlərinin qəbul etdiyi KİV haqqında qanunun 3-cü maddəsinə baxsın. Orda görsünlər ki internet media hesab olunur, ya yox. Bundan başqa 2016-cı il 29 noyabr tarixində cinayət məcəlləsinin 148 ci maddəsinə etdikləri əlavəyə baxsınlar. Görsünlər orda sosial şəbəkə yazılıb ya yox, məsuliyyəti varmı, bundan sonra "tənzimlənmir" desinlər".
Ekspert sonda vurğulayıb ki, ki sosial şəbəkəni necə açıb, necə bağlamağı şəbəkə yaradanlar praktiki olaraq özü tənzimləyir.
Qafqaz Rafiqoğlu
Qaynarinfo.Az