
Tatarıstan Respublikasının Sambo Federasiyasının icraçı direktoru Albert Valiullov Rusiyanın "Realnoe Vremya" nəşrinə müsahibə verib.
Qaynarinfo.Az xəbər verir ki, o öz şəxsi karyerasından danışarkən Azərbaycan Sambo Federasiyasının indiki prezidenti, 7 qat dünya çempionu Ceyhun Məmmədova uduzmasını unuda bilmədiyini bildirib:
"Nəticələr məndə ilk məşqlərdən gəlib. Dərhal bütün rəqiblərimə qalib gəlmişəm. Müxtəlif yaşlar üzrə şəhər, RSFSR, ümumittifaq yarışlarının qalibi olmuşam. Avropa, dünya çempionatlarında döyüşmüşəm. Medallarım olub, əgər kiməsə uduzmuşamsa, deməli, planetdə məhz ən yaxşısına yenilmişəm. Ceyhun Məmmədova ardıcıl 3 dəfə uduzmaq çox üzücü olub. Mən hər dəfə onu məğlub etməyə yaxın olmuşam, onu döyə də bilərdim, ancaq təcrübə, güc, bəxt ona sonda kömək edib və qələbə onun olub. Böyük idmanla qurtardıqdan sonra məşqçi oldum, idman məktəbində işlədim. Sonra bizim federasiyada işləməyə başladım, əsasən uşaq idmanına nəzarət edirəm. Bütün həyatımı Tatarıstan sambosuna həsr etmişəm. Bizdə çoxları belədir. Federasiyada məşqçi, hakim işləyən hamı sambo ilə məşğul olub".
Qaynarinfo.Az