
Məlum olduğu kimi, 8 fəsil, 42 maddədən ibarət olan “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə” haqqında yeni qanun layihəsi Milli Məclisdə I oxunuşdan keçəcək. Bu qanun layihəsində Azərbaycanda Milli Antidopinq Agentliyinin yaradılması nəzərdə tutulub.
Qaynarinfo.Az xəbər verir ki, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə ağır atlet Sərdar Həsənovun Pekin Olimpiadasındakı nəticələrinin dopinqlə əlaqədar silinməsi ilə bağlı danışarkən bu məsələyə də toxunub:
"Hələ ki, Milli Antidopinq Agentliyinin rəhbərinin və İdarə Heyətinin üzvlərinin kim olacağı bilinmir. Ancaq Gənclər və İdman, Səhiyyə Nazirliklərindən, eləcə də yerli federasiyalardan nümayəndələr həmin agentlikdə təmsil olunacaq. Beynəlxalq Olimpiya Komitəsi (BOK) Dünya Antidopinq Agentliyi ilə əməkdaşlıq edir. Ancaq çıxan nəticələrə görə idmançıların diskvalifikasiyaya məruz qalmasına görə BOK da məyusdur. Ümumiyyətlə, dopinqə düşərkən idmançının cəzalandırılması düzgün deyil. Çünki idmançıya dopinqi verən ya məşqçi, ya da həkim olur. İstərdim ki, cəza daha çox bu şəxslərə tətbiq olunsun".
Çingiz Hüseynzadə Dağıstan portallarından birində milliyyətcə avar olan güləşçimiz Rəsul Çunayevi azərbaycanlı yox, dağıstanlı kimi təqdim etmələri və ona orda ev verilməsi məsələsinə də fikir bildirib: "Heç kimə sirr deyil ki, Rəsul Çunayev Azərbaycanda - Balakəndə doğulub. Ancaq biz də xaricdə yaşayan azərbaycanlılardan imtina etməmişik və onları həmyerlilərimiz adlandırırıq. Azərbaycanda doğulmuş ruslar, ukraynalılar və digər millətlər də azərbaycanlı sayılır və öz tarixi ölkələrində onların burdakı uğurlu çıxışı əla qarşılanır. Dağıstanlıların Rəsul Çunayevə ev verməsi öz işləridir. Biz buna yalnız sevinə bilərik. Burda heç bir pis şey yoxdur".
Qaynarinfo.Az