Xəbər verdiyimiz kimi, aprelin əvvəllərində erməni işğalçılarının təmas xəttində törətdikləri silahlı təxribatların qarşısının alınması və düşmənin dinc əhaliyə hücumlarının dəf edilməsi zamanı göstərdiyi qəhrəmanlıq və igidliyə görə polkovnik-leytenant Həmidov Şükür Nəriman oğlu prezident İlham Əliyev tərəfindən Milli Qəhrəman adına layiq görülüb.
Qaynarinfo.az xəbər verir ki, azvision.az Milli Qəhrəmanın ailəsinin Sumqayıtdakı evində baş çəkərək valideynləri ilə həmsöhbət olublar.
Hazırda Şükür Həmidov ailəsi ilə birlikdə Füzulu rayonunda yaşayır. Baş çəkdiyimiz evdə isə Milli Qəhrəmanın valideynləri - Nəriman Həmidov və Şərqiyyə Həmidova qalırlar.
Nəriman Həmidov oğluna Milli Qəhrəman adı verilməsinə sevindiyini deyib. Bildirib ki, Azərbaycan Ordusu son döyüşlər zamanı Qarabağda şəhid olan soydaşlarımızın intiqamını alıb.
"Biz Qubadlı rayonunun Başarat Sovetliyinin Armudlu kəndindənik. 1993-cü ildə Qubadlıdan köçkün düşəndən sonra Sumqayıta gəlmişik. Hazırda 79 yaşım var. 46 il ibtidai sinif müəllimi çalışmışam",-deyə Milli Qəhrəmanın atası söyləyib.
Nəriman Həmidov nə az, nə çox 10 uşaq atasıdır.
"Yoldaşım qəhrəman anadır. Mən isə 4 oğul, 6 qız atasıyam. Övladlarımın hamısı ailəlidir, xoşbəxt yaşayırlar. Böyük oğlum rəhmətə gedib. Onun 3 uşağı var. Oğlanlarımdan biri Rusiyada yaşayır. Digər oğlum Əsəd bizimlə birlikdə qalır. Təqaüddə olan keçmiş polis əməkdaşıdır. Kiçik oğlum isə yenicə Milli Qəhrəman adı alan Şükürdür. O da ailəlidir, iki övladı var".
Atasının bildirdiyinə görı, Milli Qəhrəman Şükür Həmidov 8-ci sinifə kimi Qubadlı rayonunun Başarat orta məktəbində oxuyub. Naxçıvanski adına Hərbi Liseye qəbul olub. Daha sonra isə Həzi Aslanov adına Hərbi Məktəbi bitirib.
"Şükürün təyinatını Naxçıvana vermişdilər. Orada təxminən 10 ildən artıq xidmət etdi. 1997-ci ildə Batabatda borana düşmüşdür. Orada ermənilərlə güclü atışma olmuşdu. Şükürün başının bir hissəsindən güllə necə keçmişdisə, hələ də o hissədə tük bitmir. Oğlum həmin döyüşdən sağ çıxa bilmişdi. Şükür deyir ki, döyüşlər zamanı bir güllə saxlamışdım ki, əsir düşsəm, özümü vurum.
Şükür bir müddət də orada işləyəndən sonra Bakıya gəlib hərbi akademiyanı bitirdi. Ondan sonra isə Cəlilabada Göytəpədəki hərbi hissədə xidmətə başladı. Bir müddətdən sonra Şükürü Horadizdəki hərbi hissələrdən birinə qərargah rəisi göndərdilər. Oradan da Tərtərə briqada komandiri vəzifəsində təyin etdilər. Şükür Tərtərdə bir il işlədikdən sonra Bərdəyə korpusa əməliyyat rəisi apardılar. Orada bir ilə yaxın işlədi. Və ən son Horadizə təyinat aldı. Hazırda Şükür briqada komandiri vəzifəsinə çalışır. Onun iki uşağı var. Qızı 5-ci, oğlu isə 2-ci sinifdə oxuyur. Son döyüşlər vaxtı ə qədər etsək də, həyat yoldaşı bura gəlmədi. Dedi ki, Şükürü burada qoyub gələ bilmərəm".
Milli Qəhrəman anası Şərqiyyə Həmidova döyüşlərin qızğın vaxtında oğlundan nigaran qaldığını, günlərlə ondan xəbər tuta bilmədiyini deyib.
"Ermənilər yenə ərazimizə basqın etdi. Oğlum da şükürlər olsun ki, qəhrəmancasına vuruşub, Milli Qəhrəman adı aldı. Döyüşlər vaxtı çox narahat idim. Şükürdən xəbər tuta bilmirdik. Çox çətinliklə əlaqə saxlayırdım, harda olduğunu soruşanda bir kəlmə "yerimdəyəm" deyərdi, vəssalam. Gecələr səhərə kimi yata bilmirdim".
Milli Qəhrəmanın atası xanımısın söhbətinə müdaxilə edir: "Anası dəsmal əlində gözünün yaşını silirdi. Allaha çox şükür ki, yaxşı nəticə ilə qurtardı. Ordumuz bir sıra yüksəklikləri düşməndən geri aldı. Üstümüzdən məğlubiyyət damğası götürüldü.
Döyüşlərdən sonra ayın 19-da oğlum mənə zəng etdi ki, ata, məni Bakıya çağırırlar.
Prezident oğlumu qəbul edib, ona Milli Qəhrəman adını təqdi edib. Bu, bir ata kimi mənə qürur verir. Oğlum hazırda Lələ təpədə xidmət aparır. Ən böyük arzum doğma torpaqlarımıza qayıtmaqdır. İnşallah tezliklə qayıdacağıq".
Daha sonra söhbətə Milli Qəhrəmanın qardaşı Əsəd Həmidov qoşulur.
"Qardaşımla fəxr edirəm. Şükür uşaqlıqdan cəsarətli, mərd oğlan idi. Mən də 1994-cü ildə Füzuli istiqamətində gedən döyüşlərdə iştirak etmişəm. O zaman Lələ Təpə uğrunda gedən döyüşlərdə xeyli itki vermişdik. Ancaq qələbə qazana bilməmişdik. Şükür bizim intiqamımızı qardaşımgil aldılar".
Qaynarinfo.az

















