Xəbər lenti

"DSMF-nun bu şəkildə idarə olunması büdcəyə əlavə yükdür" - Sabiq deputat islahatlardan danışdı
Ekonomiks12:53 24.01.2017

"DSMF-nun bu şəkildə idarə olunması büdcəyə əlavə yükdür" - Sabiq deputat islahatlardan danışdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Azərbaycanda əmək pensiyası üçün staj məhdudiyyəti aradan qaldırılacaq".

Bunu keçirdiyi mətbuat konfransında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

Nazir bildirib ki, hazırda qanunvericilikdə 12 illik stajı olmayan şəxslərə onun fərdi hesabında nə qədər məbləğ yığılmasından asılı olmayaraq pensiya düşmür: "Milli Məclisə bununla bağlı yeni qanun layihəsi təqdim edilib. Artıq baza hissəsi deyilən anlayış aradan qalxacaq. Yeni qanun layihəsində əmək pensiyalarının hesablanması baxımından staj məhdudiyyəti yoxdur".

Sabiq deputat, iqtsadçı ekspert Nazim Bəydəmirli Qaynarinfo.Az-a bildirdi ki, əmək pensiyalarında staj məhdudiyyətinin aradan qaldırılması müsbətdir, çünki əslində əksəriyyət kağız üzərində belə stajları təqdim edib pensiyaya çıxardılar. Ancaq pensiya islahatlarında bu yetərli deyil:

"Pensiya islahatları ilə bağlı dövlət proqramı var idi. Dövlət Fondu 2015-ci ildə özü-özünü maliyyələşdirmə keçməli idi və həm də özəl pensiya fondları yaradılmalı idi. Ancaq nəticə ondan ibarət oldu ki, mütəmadi olaraq 2003-cü ildən etibarən Dövlət Sosial Müdafiə Fonduna (DSMF) ayrılan vəsait hər il artım xətlə gedir. Yəni DSMF özü-özünü maliyyələşdirə bilən quruma çevrilə bilmədi. 2005-ci ildə əgər dövlət büdcəsindən ayrılan datasiya 275 milyon idisə, artıq 2016-cı ildə bu 1 milyard 200 milyona yaxın idi. Və bu tendensiya davam etməkdədir. Pensiyanın məbləği belə demək olsa, dövlət büdcəsi hesabına həyata keçirilir. Bu bir daha onu sübut edir ki, Azərbaycanda DSMF-nun bu şəkildə idarə olunması büdcəyə əlavə yükdür, ona görə də islahatlar aparılmalıdır. Bir neçə il əvvəl dəfələrlə bildirmişəm ki, DSMF ləğv olunmalıdır. Düzdür, ləğv olundu və ayrıca qurum olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə birləşdirildi. Ancaq bu yetərli deyildi. İqtisadi fəal əhalimiz 5 milyona yaxındırsa, ondan cəmi sosial sığorta haqqı ödəmək üçün qeydiyyata düşənlərin sayı 2 milyon 300 mindir. Bu o deməkdir ki, 2 milyon 700 min vətəndaş işləyir, lakin sosial sığorta haqqı ödəmir, ya da işləmir və ya ölkədən xaricdədirlər. Deməli, DSMF vəsait toplaya bilmir və özünü idarə edə bilmir. Əgər dövlət büdcəsi hesabına həyata keçirilirsə, qurumun saxlanılmasına nə ehtiyac var".

Ekspert qonşu Gürcüstanda aparılan islahatları nümunə çəkərək çıxış yollarını açıqladı:

"Bu islahatı qonşu dövlət Gürcüstan keçib. Sosial sığorta haqları və əmək haqqından tutulan gəlir vergisi birləşdirilir, sosial vergi adı altında 20 faiz əməkhaqqıdan tutulur. Gürcüstanda 39 faiz əvəzinə 20 faiz götürüldü və bunu vergilər toplayır.  Maliyyə Nazirliyi isə büdcədən vətəndaşlara pensiya verir və əlavə quruma ehtiyac qalmır. Ona görə də, biz də bu islahatlardan keçməliyik. Yeganə çıxış yolu sığorta haqları ilə gəlir vergisini birləşdirmək, vergi dərəcəsini azaldaraq sosial vergi anlayışını gətirmək lazımdır və vergilərin toplanmasını da Vergilər Nazirliyi həyata keçirməlidir. Bu islahatlar aparılsa, ikili mühasibatlıq ləğv olunacaq və həm dövlət büdcəsi qazanır, həm də sahibkarlar vergidən yayınmazlar".

Pərvin Zeynal

Qaynarinfo.Az